“Qarabağ” çempion!

Binə stadionunda U-13 liqasının final oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, həlledici görüşdə “Qarabağ” və “Neftçi” komandaları qarşılaşıb. 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ” komandası 2018-2019-cu il mövsümünün qalibi olub. “Səbail” isə üçüncü yeri tutub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın məşqçilər komitəsinin üzvü Şahin Diniyev, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Samir Əliyev, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, aşağı yaş qruplarından ibarət milli komandaların koordinatoru Miloş Velebit, uşaq və gənclər liqaları üzrə yarışların təşkili şöbəsinin rəhbəri Yusif Vəliyev təqdim ediblər.

Əvvəlcə final oyununu idarə edən hakimlərə diplomlar təqdim edilib. Səlim Həşimov (“Qarabağ”) ən yaxşı qapıçı, Murad Məmmədov (“Neftçi”) ən yaxşı oyunçu seçilib. Mövsüm ərzində 32 qol vuran “Səbail”in hücumçusu Azad Əskərov liqanın bombardiri olub. Feyt pley mükafatı isə “Neftçi”dən Aslan Hətəmova təqdim olunub.

Liqanı 3-cü pillədə başa vurmuş “Səbail”, 2-ci yeri tutmuş “Neftçi” və turnirin qalibi “Qarabağ” müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Sonda “Qarabağ” komandasına kubok təqdim olunub.

Həmin kateqoriyadan