“Qarabağ uğrunda qələbəyə doğru!” devizi altında atıcılıq yarışı keçirildi

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar snayper xüsusi hərbi ixtisası üzrə təhsil alan müdavimlər arasında “Qarabağ uğrunda qələbəyə doğru!” devizi altında atıcılıq yarışı keçirib. Allsport.az xəbər verir ki, mütəxəssis kimi orduya çağırılacaq gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi və sərrast atıcılıq bacarıqlarının artırılması məqsədilə təşkil olunan yarışda cəmiyyətin Nəsimi rayon 1 nömrəli və Sabunçu rayon filiallarının müdavimləri iştirak ediblər.

Tədbirdə cəmiyyətin sədri Şahvələd Əliyev çıxış edərək, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində görülən işlərdən, Xocalı faciəsinin dəhşətlərindən danışıb, bu gün belə tədbirlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Sonra yarış iştirakçıları atəş nöqtəsinə keçərək hədəfi nişan alıblar. Yarışın yekun nəticəsinə görə cəmiyyətin Nəsimi rayon 1 nömrəli filialının müdavimi Şirəliyev Ağaxan Kamran oğlu 47 xalla 1-ci yerə, Nəsimi rayon 1 nömrəli filialının müdavimi Rzayev Sirus Telman oğlu 44 xalla 2-ci yerə, Sabunçu rayon filialının müdavimi Əzizli Nicat Faiq oğlu 41 xalla 3-cü yerə çıxıblar.

Sonda cəmiyyətin sədri qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edib.

Həmin kateqoriyadan