“Qarabağ”ın futbolçusu Pele, Bekkenbauer və Torresin oynadığı kluba keçir

“Qarabağ”ın futbolçusu Ansi Aqolli ABŞ klubuna keçir. Allsport.az saytı xəbər verir ki, alban futbolçu Şimal futbol liqasında “Nyu York Kosmos”la danışıq aparır. Tərəflər böyük ölçüdə anlaşıb. Onun ABŞ-ı seçməsinə səbəb ailəsi olub. Belə ki, futbolçunun həyat yoldaşı və övladları uzun müddətdir okeanın o tayında yaşayır. 

“Nyu York Kosmos” 1970-ci ildə fəaliyyətə başlayıb. Klub Əhməd və Nesuhi Ərtəgün adlı türk qardaşlar və Varner Bros adlı amerikalı tərəfindən yaradılıb. “Ağ-yaşıllar”da Pele, Frans Bekkenbauer və millimizin braziliyalı keçmiş baş məşqçisi Karlos Alberto Torres kimi dünya ulduzları çıxış edib. 

Ansi 2012-ci ildə Ukraynanın “Krivbass” klubundan “Qarabağ”a transfer olunub. O, indiyədək 5 dəfə Azərbaycan çempionu, 3 dəfə ölkə kubokunun qalibi olub. Amma artıq ayrılıq vaxtıdır. Bu mövsüm heyətə düşməkdə çətinlik çəkən Aqolli də getmək lazım olduğunu bilir. Donald Geryeylə rəqabətdə uduzan albaniyalı baş məşqçi Qurban Qurbanovdan razılıq alıb.

Həmin kateqoriyadan