Kamran HACI
“Qarabağ”ın son 2 transferindən narahat olanların dərdi nə?

Kamran Hacı | kamran-haji@mail.ru

Son illərin dəyişməz çempionu «Qarabağ»ın qış fasiləsində 2 yerli futbolçu – «Neftçi»dən Elşən Abdullayevi və «İnter»dən Ağabala Ramazanovu alması idman mətbuatında müzakirəyə səbəb olub. Ağdam klubunun bu addımla rəqiblərini zəiflətmək məqsədi güddüyü deyilir. Üstəlik, buraya gələn gənc futbolçuların legionçuların kölgəsində qaldığı, beləcə, məhv olduğu yazılır. Maraqlı iddialardır.
Birinci, gəlim «Neftçi»nin durumuna. Futbolumuzun bayraqdarı dövrünün ən pis günlərnü yaşayır. «Ağ-qaralar» 8 komandanın yer aldığı Premyer liqada 7-ci yerdə gedir. «Flaqman» nəinki çempion, hətta mükafatçılar sırasına düşmək imkanını əməli olaraq itirib. Bakılıların yeganə ümidi ölkə kubokunadır – qalib olub avroliqaya vəsiqə qazanmaq. Kobud desəm, «Neftçi»nin öz gününə ağlayan lazımdır. İkincisi, «İnter» liderlər qrupunda yer alsa da, vəziyyəti hamıya bəllidir: «bankçılar» ötən il avrokuboklara buraxılmadı; bu azmış kimi, FİFA qarşıdakı 2 transfer pəncərəsində kluba transfer qadağası qoyub. Yəni, sözü gedən komandalar indi «Qarabağ»a təhlükəli sayılmırlar.
Gənc futbolçuların gəlmələrlə rəqabətdə davam gətirməməsinə gəlincə, bunun günahı özlərindədir: istedadı olana azacıq tərif bəs edir ki, özündən getsin, ulduz xəstəliyinə tutulsun. Daha anlamır ki, Messi və Ronaldu kimi aslar günün böyük hissəsini məşq meydançasında keçirir, topla yatıb, topla oyanırlar; illik qazancları yüz milyonlarla avro təşkil edir.

Sözsüz, hər oxuyan Molla Pənah olmaz. «Neftçi» hər dövrdə durumundan asılı olmayaraq, futbolçu yetişdirib. Bu gün onun yetirmələri, demək olar ki, bütün klublarda forma geyinirlər və həmin ənənə kökdən qaynaqlanır. Şəraitə qalsa, indi milli komandaların özəyini «Qəbələ»nin futbolçuları təşkil etməli, bütün komandalarımızda onun yetirmələri oynamalı idi. Çünki «qara-qırmızılar» da olan futbol qurğusu nəinki Azərbaycanda, heç postsovet ölkələrində yoxdur. Amma quyuya su tökməklə dolası deyil. Gərək, kökdə nəsə olsun. Yayılan söz-söhbətə görə, «Qəbələ»nin üzvü Cavid Hüseynovun məlum olayı ilə bağlı onun qohumları tərəfindən öldürülən operator-müxbir Rasim Əliyevin hadisəsindən sonra bəzi klublarda üslub-fənd dəyişdirilib, rəqibə və onu tənqid edən qələm əhlinə qarşı birbaşa deyil, «sapı özündən olan baltalar» – muzdla tutulmuş jurnalistlər vasitəsi ilə təzyiq edilir. Ola bilsin, son günlər «Qarabağ»ın bu transferlərinin əleyhinə dərc olunan məqalələr bundan qaynaqlanır; sosial şəbəkələrdə qeyri-rəsmi vəkillər düzlükdən dəm vurub və peşələrini, tərəfsizliklərini unudaraq, tənqidçilərə psixoloji hücuma keçir, onları provakasiyaya çəkirlər. Avroliqanın qrup mərhələsinin sonuncu, həlledici oyununda Tofiq Bəhramov adına Respublika stadionunda «Fiorentina»nı qəbul edən «Qarabağ» həmlə edərkən, bir premyer liqa komandasının maraqlarına xidmət edən iki sayt əməkdaşının ürək-göbəyini yeməsinin özüm şahidi olmuşam.
Dino Ndlovu topu dirəyə vurarkən və «köhlən atlılar» hesabı bərabərləşdirən zaman, siz onların üzündəki əzabı görərdiniz – sanki erməni təmsilçisi bunu edir. Halbuki «Qəbələ»nin prezidenti Tale Heydərovun yaratdığı gözəl şəraitdən, göstərdiyi etimaddan icraçılar işini düzgün nizamlamalı, məsələlərə hisslə deyil, əqllə yanaşmalıdırlar.

Qurban Qurbanovun bu iki transferini mən belə başa düşürəm: baş məşqçi iki heyət qurmaq istəyir; biri iç, digəri xarici yarış üçün. Çünki indiki şəraitdə legionçu həddi «Qarabağ» Premyer liqada sərbəst hərəkət etməyə imkan vermir. Düzdür, çempionatımız çox zəifləyib. Amma bu komandada xoşuma gələn gələcəyə hesablanan işdir. Burada bəzi klublarımız kimi hər transfer pəncərəsi açılanda kütləvi şəkildə futbolçu gedişi və gəlişini görmürük; icraçılar dəllalların sınaq atəş məkanına çevrilməsinə heç zaman imkan verməyiblər. Komandanın sponsoru «Azərsun» isə hər bir şəraiti yaradır, dəstəyini bir an belə əsirgəmir.
«Qarabağ» yerlilərlə iki mövsüm Avropa liqasının qrup mərhələsinə düşməyi cəhd eddi. İkisində də pley-offda dayandı. Üstəlik, yolun yarısında həmin təriflədiyimiz yeri futbolçular pula görə komandanı tərk etdilər. Heyətin iki əsas üzvü – Rauf Əliyev və Əfran İsmayılov «Bakı»ya keçdilər. Onların orada aqibəti hamıya bəllidir.

Sonra nə baş verdi? «Qarabağ»a gələn yabançı futbolçular onun arzusunu çin etdilər. Amma bayaq qeyd etdiyi kimi, legionçu həddi «köhlən atlılar»ı bu sarıdan daha güclənməsinə imkan vermir. Təbii, yaxşı oyunçu həmişə meydanda olmaq istəyir. Eləsi var daim, eləsi var ki, avpokubokda çıxış etməyə üstünlük verir.
Beş-altı cümlə ilə qayıdım «Qarabağ»ın son avrokubokda qrupda çıxışına. Hər şey yaxşı gəlirdi, babat başlanmışdı. Əlbəttə, Elvin Yunuszadənin (baş məşqçinin imkan verib oynatdığı özümüzünkü) İtaliyada yersiz müdaxiləsindən sonra alıdığı qırmızı vərəqə (bunun nəticəsində komanda 5 top buraxdı) və «Slovan»la səfər matçında Qurban Qurbanov taktiki səhvi olmasaydı. Rəqibi yaxşı təhlil edən İndrjix Trpişovski hələ Bakıda bizə başağrı olmuşdu; Liberesdə isə daha da üstümüzə gəldi, «Qarabağ»ı öz meydanında basqı ilə qarşılayan çexlər tək bununla kifayətlənməyib, ara-sıra geriyə çəkilərək qonaqlara «yem» atdı ki, futbolçularımız irəli getsinlər və çexlər bizi əks-hücumda yaxalasın. Ölkə çempionumuz ev sahiblərini bu hiyləsinə aldandı. Nəticə göz qabağında oldu – 3:0.

Fikrimcə, Qurban Qurbanov ilk matçdan dərs götürüb orada komandanı müdafiədə oynatmalı, pozucu futbol nümayiş etdirib rəqibin taktikasını özünə qarşı çevirməli idi. Çünki İndrjix Trpişovski «Qarabağ»ın açıq, hücum  futbolu oynayacağını bilirdi və buna qarşı çox gözəl tədbirlər qurmuşdu.
Ümumən, yekunların bir həqiqəti danılmazdır: son illərdə uğurların ən vacib məqamı «Qarabağ»ın avroliqanın qrup mərhələsində iştirakı hesabında öz əksini tapmasıdır. Bunun ənənəyə çevrilməsi, bir sıra addımları vacib edir. Bu xüsusda rəqiblərin müxtəlif səviyyələrdə öyrənilməsi və nəticələrin təhlil olunmasının mərkəzləşməsi önə çıxır. Çempionlar liqasının qrupunda bitəcək böyük yolun növbəti sınağına 6 ay qalıb. Oyunlar isə, hələ bundan sonra da müxtəlif cəhətlərdən çözüləcək, təhlillər aparılacaq.

Həmin kateqoriyadan