Qılıncoynatma federasiyasının ilk zalı əsaslı təmirdən sonra istifadəyə verilib

Qılıncoynatma federasiyasının paytaxtın Şəfaət Mehdiyev 95A ünvanında yerləşən və 2002-ci ildən fəaliyyət göstərən ilk zalı əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Allsport.az saytı xəbər verir ki, arenada yarışların təşkili və idmançıların hazırlıq keçməsi üçün yaxşı şərait yaradılıb.

Paltardəyişmə otaqları tam yenilənərək müasir standartlara uyğunlaşdırılıb. Köhnə döyüş cığırları da yeniləri ilə əvəzlənib, işıqlandırma sistemi modernləşdirilib. Yenilənmiş idman zalının başlıca özəlliklərindən biri də video-müşahidə sisteminin quraşdırılmasıdır. İndi valideynlər gözləmə otağındakı monitorlar vasitəsilə uşaqlarının məşqini izləyə biləcəklər.

Onu da nəzərə çatdıraq ki, AQF-in nəzdində daha 2 zal Azərbaycan Texniki Universitetin idman sarayında fəaliyyət göstərir. Bu gün zalda 2005 və daha kiçik təvəllüdlü məktəblilər arasında “Olimpiya ümidi” turnirinə start verilib. 3 gün davam edəcək yarışda sablya, rapira və şpaqada qaliblər müəyyənləşəcək.

Həmin kateqoriyadan