Qobustan şəhərində ağırlıqqaldırma zalı təmir olunub

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) idmançıların məşq şəraitlərinin yaxşılaşdırılması məqsədilə tədbirlərini davam etdirir. Allsport.az saytı xəbər verir ki, bunların içərisində köhnə idman qurğularının təmiri, bərpası, həmçinin yenilərinin tikilməsi də vardır. Qobustan şəhərində yerləşən əsas ağırlıqqaldırma zalının təmiri də məhz bu işlər çərçivəsində edilib.

Zalda bütün standartlara uyğun 6 körpücük qurulub, bütün lazımi məşq avadanlıqları ilə təmin edilib. İstilik sistemi, su təchizatı tam işlək vəziyyətə gətirilib. Paltardəyişmə, məşqçi otaqları, sanitar qovşaq təmir edilib, yeniyetmə, gənc və yuxarı yaşlı atletlərin istifadəsinə verilib.
Qobustandan məşqləri təcrübəli mütəxəssis, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şəmsi Səfərli aparır. Məhz onun rəhbərliyi altında çox sayda istedadlı atlet müxtəlif yarışlarda uğurlar qazanıb, Avropa çempionumuz Dadaş Dadaşbəyli yetişib.

Səfərli görülən işlər barədə danışaraq zalın təmirinin çox vacib addım olduğunu qeyd edib: “Atletlərimizin yarışlara yaxşı hazırlaşması üçün ən yaxşı şəraitin qurulması lazımdır. Federasiya bu istiqamətdə gərəkən bütün işləri görür. Atletlərin geyimindən tutmuş məşq imkanlarının qurulmasına qədər hamısı təmin olunur. Qobustan zalının təmiri üçün zəmhəti keçən hər kəsə təşəkkür edirəm. Bizə bu şərait qurulandan sonra, daha da yaxşı çalışacaq, daha böyük uğurlar qazanacağıq”.

Həmin kateqoriyadan