Qoşaçarxçılarımız “Qara dəniz turu”nda istədiklərinə çatdı

Türkiyədə 2.2 kateqoriyalı “Qara dəniz turu”na yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sonuncu, 3-cü mərhələdə də inamla çıxış edən velosipedçilərimiz bununla da Tokio-2020-yə lisenziya xallarımızı bir xeyli artırıblar. 

İlk 2 mərhələdə müvafiq  olaraq 2-ci və 3-cü olan Samir Cəbrayılov bu dəfə 170 km məsafəni 3 saat, 45 dəqiqə, 55 saniyəyə keçən 10 nəfərlik qrupun içində yer alıb və fotofinişə əsasən 4-cü olub. Məhz bu nəticə təmsilçimizə ümumi təsnifatda 2-ci yerini qorumağa və bununla da olimpiadaya 30 lisenziya xalı qazanmağa imkan verib.

Samir 1-ci və 2-ci mərhələlərdə ölkə reytinqinə müvafiq olaraq 3 və 1 xal da əlavə etmişdi. Milli komandamızın digər üzvü Elçin Əsədov isə “Qara dəniz turu”nu ümumi təsnifatda 10-cu yerdə başa vurmaqla reytinqimizi daha 3 xalla zənginləşdirib.

Xatırladaq ki, mayın əvvəlində Türkiyədə keçirilən digər bir yarış – “Tour of Mesopotamia”da da Elçin Əsədov ümimi təsnifatda 10-cu olmaqla 3 reytinq xalı qazanmışdı.

Həmin kateqoriyadan