Qoşaçarxçılarımızdan Maksim Averin fərqlənir

“Synergy Baku” Çində keçirilən sayca 5-ci “Tour of Taihu Lake” yürüşündə çıxışını davam etdirir. Allsport.az xəbər verir ki, 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış 2.1 kateqoriyasına malikdir.

Bu gün keçirilmiş 4-cü mərhələdə iştirakçılar 129.7 km məsafə qət ediblər. Qoşaçarxçılarımızdan ən yüksək nəticəni Maksim Averin göstərib – o finişi mərhələ qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 5-ci olub – 2 saat 41 dəqiqə 50 saniyə. Digər təmsilçilərimiz – Aleksandr Surutkoviç, Samir Cəbrayılov, Elçin Əsədov, İsmayıl İlyasov və Ənvər Asanov da mərhələni ilk pelotonda başa vurublar.

4 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: Samir Cəbrayılov 11-ci, Aleksandr Surutkoviç 14-cü, Maksim Averin isə 17-cidir.

Yürüşün 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov ilk üçlüyü tamamlayır – o, liderə cəmi 15 saniyə uduzur. İsmayıl İlyasov 8-ci, Ənvər Asanov 13-cü pillədə qərarlaşır. Komanda hesabında “Synergy Baku” 2-ci yerdəki mövqeyini qoruyur. Sabah keçiriləcək 5-ci mərhələdə iştirakçılar 129 km məsafə qət etməlidirlər.

10407345_855884627775199_9030451716911453796_n

Həmin kateqoriyadan