Qoşaçarxçımız 3-cü mərhələnin 2-cisi olub

Çində 2-ci kateqoriyalı “Tour of Hainan” veloyürüşünün bu gün keçirilən 3-cü mərhələsi Azərbaycanın “Synergy Baku” kontinental komandası üçün kifayət qədər uğurlu alınıb. Allsport.az saytı xəbər verir ki, 134.7 km-lik bu mərhələdə komandamızın üzvü Maksim Averin finiş xəttini 2-ci keçib.

O, ötən ayın əvvəlində bu ölkədə təşkil olunmuş “Tour of China” veloyürüşü zamanı ağır zədə almışdı. Bu səbəbdən xeyli müddət yarışlarda iştirak etmirdi. Zədədən sonrakı ilk yürüş isə yığma komandamızın üzvü üçün uğurlu alınıb – o, “Tour of Hainan”ın 3-cü mərhələsinin qalibi ilə eyni göstəriciyə imza atsa da, fotofinişə əsasən 2-ci yeri tutub – 3 saat 5 dəqiqə 9 saniyə.

“Synergy Baku”nun digər üzvlərinə gəlincə, Aleksandr Surutkoviç, İsmayıl İlyasov, Elçin Əsədov, Kristof Şvayzer və Samir Cəbrayılov da eyni nəticə ilə finiş xəttini keçən pelotonun içərisində olublar. Bu mərhələdə əldə etdiyi nailiyyət Maksim Averinə ümumi sıralanmada 40-cı yerdən 7-ci pilləyə yüksəlməyə şərait yaradıb. Hazırda velosipedçimiz liderə cəmi 6 saniyə uduzur. İlk “onluq”da daha bir təmsilçimiz var – bu, 8-ci yerdə qərarlaşan Aleksandr Surutkoviçdir.

Komanda hesabında “Synergy Baku” 8-ci yerdən 4-cü pilləyə qalxıb. Sabah keçiriləcək 4-cü mərhələdə velosipedçilər 145.8 km məsafə qət edəcəklər. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group” ASC “Synergy Baku” komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir.

Həmin kateqoriyadan