Qurban Qurbanov: Belə asan oyunlar mövsüm ərzində 1-2 dəfə olur

“Qarabağ” premyer liqanın 22-ci turunda səfərdə “Sumqayıt”ın qapısından 6 cavabsız top keçirib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov bunu söyləyib:

“Futbolçularımı təbrik etmək istəyirəm. Həqiqətən çox istəkli idilər. Böyük hesabla qalib gəlsək də, ilk hissə bizim üçün çətin oldu. İkinci yarıda isə öz oyunumuzu tapa bildik. Bu hesab bizi aldatmalı deyil. Bunu futbolçulara da dedik. Bizi qarşıda çox vacib oyun gözləyir. “Sumqayıt”a uğurlar arzu edirəm, öz azarkeşlərimizə təşəkkür edirəm.

Problemlər həmişə var. Hər şey düşündüyümüz kimi olsa, bizim üçün işləmək asan olar. Dəfələrlə demişəm ki, hər oyun bizim üçün çətin olacaq. Belə asan oyunlar mövsüm ərzində 1-2 dəfə olur. Futbolçularımız təcrübəlidir, çempion olmaq istəyirlər.

Amma bu, futboldur, düşündüyümüz kimi olmaya bilər. Hər bir oyuna ciddi hazırlaşmalı, işimizi düzgün qurmalıyıq. İnşallah, çempion olacağıq. Olmasa, çalışırıq ki, idman prinsiplərinə əməl edək. İki komandadan biri çempion olmalıdır. Hər oyunda bu hisslə meydana çıxmırıq”.

Həmin kateqoriyadan