Qurban Qurbanov: “İki futbolçu ilə razılığa gəlsək də, klubları ilə anlaşa bilmədik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 20-ci turunda qarşılaşacaqları “Bakı” ilə oyunöncəsi qol.az saytının suallarını cavablandırıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Antalya təlim-məşq toplanışı haqda ümumi olaraq nə deyərdiniz?
– Antalya toplanışında hazırlıq prosesi planımız üzrə getdi. Bir neçə yoxlama oyununda futbolçularımızın hansı vəziyyətdə olduğunu gördük. Hər zamankı kimi çatışmazlıqlar var. Çalışırıq ki, bu problemləri aradan qaldıraq.

– Premyer Liqanın III dövrəsinin ilk matçında qarşılaşacağınız “Bakı” klubu turnir cədvəlinin son pilləsində qərarlaşıb. Bu oyunu əsas rəqiblərinizlə aranızdakı xal fərqini artırmaq baxımından yaxşı şans hesab etmək olarmı?
– “Bakı” heç də asan rəqib deyil. Bu komanda mövsümün ilk yarısındakı hər iki qarşılaşmada bizə çətinlik yaratdı. “Bakı” ilə hər iki oyunda qol buraxmışdıq. Hətta birinci matçda məğlub da ola bilərdik. Məqsədimiz bu oyuna ciddi hazırlaşmaqdır. “Bakı” bizim üçün ciddi rəqibdir. 3-cü dövrədə ilk oyunumuz onlara qarşı olacaq. Çalışacağıq ki, minimum səhvsiz oynayaq.

– Belə aydın oldu ki, “Qarabağ” çempionata tam hazır deyil…
– Hər zaman qeyd etmişəm ki, qış fasiləsindən sonra komandada çatışmazlıqlar olur. Oyunçuların tam hazır olmaları üçün hələ daha 3-4 oyun keçirməliyik. Qazanılan bütün xallar bizim işimizi uğurla həyata keçirməyimizə kömək edəcək. 19-cu turda əsas rəqiblərimiz xal itirsələr də, bu, bizi arxayınlaşdırmamalıdır. Çünki onlar elə rəqiblərə qarşı xal itirdilər ki, biz də həmin klublarla qarşılaşmalardan əliboş dönə bilərik. Bunları nəzərə alaraq bütün görüşlərdə ehtiyatlı oynamağa çalışacağıq.

– Qış transfer pəncərəsi dönəmində komandaya yeni oyunçular cəlb etmədiniz…
– Çalışdıq ki, yeni transferlər edək. Bəzi futbolçularla danışıqlar apardıq, sadəcə olaraq alınmadı. İki futbolçu ilə razılığa gəlsək də, klubları ilə anlaşa bilmədik.

– Hansı mövqedə futbolçuya ehtiyacınız var?
– Yaxşı futbolçulara hər zaman ehtiyac duyulur. Bu gün komandanın əsəsən hücum və yarımmüdafiə xəttində yeni oyunçuların olmasını istərdik. Amma alınmadı.

– Çumbinyo nə vaxt komandaya qoşulacaq?
– Çumbinyo hazırda Braziliyada müalicəsini davam etdirir. O, 6 aya yaxındır ki, məcburən yaşıl meydanlardan kənarda qaldı. Onun zədəsini sağaldaraq, tam hazır vəziyyətdə olması üçün 20 günə yaxın vaxt lazımdır. Çumbinyo bir aydan sonra komanda ilə məşqlərə başlayacaq.

Həmin kateqoriyadan