Qurban Qurbanov: “Mənə maraqlıdır ki, bizim ölkəyə bu qədərmi kiçik baxırlar”

Bu gün “Qarabağ”ımız çempionlar liqasının qrup mərhələsinin 5-ci turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzdu. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:

“Çox danışmaq istəmirəm. Son vaxtlar bu qədər məyus olmamışdım. 90 dəqiqə meydanda yaxşı mübarizə aparmaq istəyirdik. Təəssüf ki, 20-ci dəqiqədən etibarən azlıqda qaldıq və istədiyimiz oyunu göstərə bilmədik. Azarkeşlərə görə üzgünəm. 90 dəqiqə dəstək oldular. Həmişə ən intizamlı komanda olmuşuq. Ancaq son vaxtlar “qırmızı”ların sayı artıb. Bəzən belə hallar olur. Futbolda hər şeyi normal qarşılamaq lazımdır. Komandama təşəkkür edirəm. Çox güclü rəqibə qarşı yaxşı oynadılar. Oyunu uduzsaq da, mübarizədə məğlub olmadıq.

Ümumiyyətlə, son vaxtlar qırmızı vərəqə çox ağır vəziyyətlərdə verilir. Məsələn, hansısa oyunçunu sındıranda. Ancaq hakim qərarı artıq verib. Heç nəyi dəyişmək mümkün deyil. Mənə maraqlıdır ki, bizim ölkəyə bu qədərmi kiçik baxırlar. İnanmıram ki, böyük komandalara qarşı bu cür qərar verərdilər. Qırmızı vərəqə ilə bağlı narazılığım var. Lakin harasa şikayət etməyi düşünmürük”.

Həmin kateqoriyadan