Qurban Qurbanov: Rəqib uduzsa da, ciddi müqavimət göstərdi

Millətlər liqasının “D” dəstəsinin 3-cü qrupunda Torsvollur stadionunda Farer adaları – Azərbaycan oyunundan sonra mətbuat konfransı olub. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 3:0 hesablı qələbəni belə şərh edib:

“Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Oyunöncəsi mətbuat konfransında heç bir çətinlik haqda düşünməməliyik, demişdim. Amma bu gün çətinlik həddən artıq çox oldu. Buna baxmayaraq, lazımi xarakter göstərdik. Oyuna aktiv başlamaq istəyirdik.
Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar və ilk dəqiqələrdən qol vurmağa çalışdılar.
Biz isə texniki səhvlərə yol versək də, tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi.
Üç gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq. Qrupumuzda istənilən komanda qələbə qazanmağa qadirdir”.

Həmin kateqoriyadan