Qurban Qurbanov: “Sportinq”i yaxından tanımışıq

Sabah “Qarabağ” Avropa liqasının “E” qrupunun ilk turunda Portuqaliyada “Sportinq”in qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, bu gün Lissabonda keçirilən mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu deyib:

“İlk oyunumuza çıxacağıq. Çox böyük təcrübəyə malik komandaya qarşı oynayacağıq. Problemlərimiz var, ancaq bu oyuna pis hazırlaşmamışıq. Rəqibi yaxşı tanıyırıq. Düşünürəm ki, hər birimiz üçün maraqlı oyun olacaq. Üstünlük “Sportinq”dədir. Öz meydanlarında oynayırlar. Onlar evdə çox aqressiv oynayırlar, hücumda olmağı xoşlayırlar. Ağır olacağını bilirik. Hər bir halda, rəqibi yaxından tanımışıq, düşünürəm ki futbolçular meydanda əlindən gələni edəcək.

10 il bu komandadayam. Bu günə kimi məsuliyyətli olmağa çalışmışam. Qarabağ adını, nələr ifadə etdiyini, bu bölgənin başına nələr gəldiyini dərk etmək lazımdı. Belə turnirlərdə iştirak etmək ölkəmizin tanınması üçün də böyük addımdır. Bu klub çalışmalıdır ki, daim stabil çıxış etsin. Məmnunam ki, bu klubdayam. Bu adın Azərbaycana aid olduğunu tanıtmaq üçün əlimizdə böyük şans var. Bundan yararlanmağa çalışırıq. Bir neçə ölkədə olmuşuq. Bundan sonra daha da çox məlumatlı olublar, biliblər ki, Qarabağ Azərbaycanın bölgəsidir”.

Həmin kateqoriyadan