Rəşad Sadıqov ədalətli oyun prinsipinə görə fərqləndi

Milli Olimpiya Komitəsində (MOK) 2014-cü ildə idman ictimaiyyətinin ədalətli oyunlar prinsipinə görə fərqlənən nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə “Ədalətli oyunlar prinsipinə sadiq bədən tərbiyəsi və idman xadimi” nominasiyasında mükafata Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva layiq görülüb.

Mükafat federasiyanın baş katibi Fərid Qayıbova təqdim olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək cari ilin ölkə idmanı üçün uğurlu olduğunu diqqətə çatdırıb. Bu il Çində keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurla çıxış etdiyini diqqətə çatdıran vitse-prezident Azərbaycanın gələn il keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını qeyd edib. Vurğulanıb ki, yola saldığımız 2014-cü ildə ölkəmizdə irimiqyaslı turnirlər təşkil olunub. Bunlardan atletika üzrə Avropa təsnifat turnirini, bədii gimnastika, taekvondo üzrə Avropa çempionatları və s. misal göstərmək olar. Ölkəmizdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi və Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası yüksək səviyyədə təşkil edilib.

MOK-un vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev ölkəmizdə idman və Olimpiya hərəkatının inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə idman ictimaiyyəti adından minnətdarlıqlarını bildirib. O, idmançılarımızın gələn il də nailiyyətlər qazanacağına və Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib. İl ərzində fərqlənən idmançıların daim mükafatlandırıldıqlarını diqqətə çatdıran vitse-prezident Komissiyanın həyata keçirdiyi layihələr və təşkil olunacaq tədbirlər barədə ətraflı məlumat verib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov cari ildə idmançılarımızın 805 medal qazandığını diqqətə çatdırıb. Vurğulayıb ki, bu medalların 275-i qızıl, 255-i gümüş və 275-i isə bürüncdür. Həmçinin yola saldığımız ildə respublikamızda 55 beynəlxalq turnir təşkil olunub.

Digər nominasiyalar üzrə fotojurnalist Dilavər Nəcəfov, Atletika Federasiyasının baş məşqçisi Məhərrəm Sultanzadə, məşqçi İqdam Ələkbərov, Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov mükafatlandırılıblar.

Həmin kateqoriyadan