Rəşad Sadıqov: “Başakşəhər”in çempion olmasını istəyirəm

Türkiyənin “TRT Spor” telekanalı Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın düşərgəsindən reportaj hazırlayıb. Allsport.az saytı xəbər verir ki, süjetdə kapitan Rəşad Sadıqovun da fikirlərinə yer verilib. 36 yaşlı müdafiəçi bu mövsüm yenə çempion olmaq istədiklərini bildirib:

“Bizi çətin çempionat gözləyir. Əsas rəqibimiz bizdən 3 xal öndədir. Fasilədən sonra ilk oyunumuz onlarla olacaq. Yenə çempion olmaq istəyirik, sona qədər mübarizə aparacağıq. Amma necə olacağını Allah bilir”. 

Vaxtı ilə Türkiyədə “Kayserispor”, “Qocaelispor” və “Əskişəhərspor” klublarının formasını geyinmiş futbolçu cari bu mövsüm superliqada “Başakşəhər”in çempion olmasını istəyir: “Bu mövsüm “Başakşəhər”in çempion olmasını çox istərdim. Çünki bu, Abdullah xocanın (Abdullah Avcı – red.) haqqıdır. Komanda olaraq da buna layiqdirlər. Onların çempion olmasını ürəkdən istəyirəm”.

Həmin kateqoriyadan