Rəşad Sadiqov: “Neftçi” ilə ilk dəfə Avropa liqasının qrupunda oynamaq sevinci yaşamışam

“Neftçi”nin yeni transferi Rəşad Sadiqov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, təcrübəli yarımmüdafiəçi klub televiziyasına bunu deyib:

“Doğma hissdir. 3-cü dəfədir bu komandaya qayıdıram. 7 il oynamışam, az müddət deyil. Bu klub üçün canımı qoymuşam. İlk dəfə bu komanda ilə Avropa liqasının qrup mərhələsinə vəsiqə qazanmışıq, o sevinci yaşamışam. Komanda yoldaşlarımla əlimizdən gələni edəcəyik ki, yenə qrup mərhələsində oynayaq, o həyəcanı yaşayaq.

“Neftçi” Azərbaycanın flaqmanıdır. Həm yerli, həm də legionçu – hər bir futbolçumuzun borcudur ki, komandanı yüksəklərə qaldırsın. Əvvəl bilmirdim necə olub, amma indi münasibətləri görürəm, burada atmosfer tam başqadı, yerli, legionçu bir-biri ilə qardaşdır. Məncə, Tərlan müəllim buraya kollektiv abu-hava gətirib. Çalışacağıq, yaxşı nəticələr verək”.

Həmin kateqoriyadan