Rafael Ağayev və Ayxan Mamayev karate-1 premyer liqasında qızıl medal qazanıb

Rafael Ağayev (75 kq) və Ayxan Mamayev (84 kq) Mərakeşin paytaxtı Rabatda karate-1 premyer liqasının qalibi olublar. Allsport.az saytı xəbər verir ki, 8 nəfərlik heyətdən Asiman Qurbanlı (+84 kq) ilə İrina Zaretska (-68 kq) isə bürünc medal uğrunda döyüşlərdə qələbəni əldən veriblər.

Bu mötəbər yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçisi Seymur Hüseynovla birgə heyətin əsas üzvləri, eləcə də qadınlardan digər legionerimiz Dorota Balciarova (kata) tatamiyə çıxıb. Federasiyanın hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevə hakimləri təyin etmək üçün tatami menecerinin köməkçisi, videotəkrarlara məsul hakim və final döyüşlərini idarə etmək kata və kumitedə dəfələrlə əsas hakim kimi turnirin ən məsuliyyətli işləri həvalə olunub.

Az.karate.az-ın xəbərinə görə, Azərbaycanın Mərakeş krallığında səfiri Tarik Əliyev idmançılarımızı dəstəkləmək məqsədilə yarışları izləyib. Federasiyanın 1ci vitse-prezidenti və milli komandanın baş məşqçisi vəzifəsini icra edən Rəhman Hətəmov rəhbərlik və heyət adından səfirə təşəkkürünü bildirib.

Beynəlxalq reytinq xalları verən bu nüfuzlu yarışa 34 ölkədən 384 idmançı qatılıb. Əsasən islam ölkələrinin idmançıları ilə görüşlər, karateçilərimiz üçün bir növ qarşıdakı 4-cü İslam Həmrəyliyi Oyunlarına sınaq yarışı olub.
Premyer liqa turnirinin son günü qala gecədə iştirakçı ölkələrə xatirə hədiyyələri təqdim edilib. WKF prezidenti Antonio Espinos mərasimdə həmyerlimizə Azərbaycan karateçilərinin hər zaman yüksək səviyyəli çıxışlarından məmnun olduğunu bildirib.

Həmin kateqoriyadan