Rafiq Rəhimov – güləşçi, məşqçi, hakim, dövlət qulluqçusu və jurnalist

Azərbaycan o nadir ölkələrdəndir ki, qədim və zəngin ənənələri olan güləşi sadəcə idman, mübarizə növü deyil, həm də milliliyin, ruhun, mənəvi dəyərlərin, ədalət və haqqın rəmzi kimi təşviq edən diyardır. Tarixən Şərqlə Qərb arasında körpü olmuş Azərbaycanda bu bəşəri sərvəti qorumaqda güləşin əvəzsiz rolu və yeri var. Digər növlərlə müqayisədə, güləşçilərə daha böyük hüsn-rəğbətin və məhəbbətin bir kökü də buradan gəlir. Ancaq xalq dünyalar qədər sevdiyi pəhləvanarına qarşı həmişə tələbkar olub, onlardan böyük fədakarlıq gözləyib. Çünki bu diyarda bir pəhləvan qələbəsi ilə bir orduya bərabər iş də görə bilir, onu sabaha – daha böyük zəfərlərə səsləyir. Bu gün də belədir. Bəşəriyyətin ən böyük idman təntənəsi olan olimpiya oyunlarından söz düşərkən, gözlər ilk növbədə bahadırlarımıza dikilir.

Bu gün haqqında söhbət açacağım şəxs köhnə güləşçilərdəndir. Rafiq Huseyn oğlu Rəhimov 1934-cü ildə Bakıda qulluqçu ailəsində anadan olub. 1951-ci ildə paytaxtda yerləşən 152 saylı orta məktəbi bitirib. İdmana gəlişi 1948-ci ildə təsadüf edib. “Dinamo” könüllü idman cəmiyyətində Maxaradzenin rəhbərliyi ilə güləşin yunan-Roma usulunun sirlərini öyrənməyə başlayıb. Bu mütəxəssis eyni zamanda Azərbaycan respublikasının yığma komandasının baş məşqçisi idi.

1948-1952-ci illərdə Bakı şəhəri və “Dinamo” cəmiyyəti üzrə 18 yaşlılar arasında çempion adını, respublika səviyyəsində keçirilən müxtəlif yarışlarda mükafatlı yerlər qazanıb. O, bir il sonra hərbi xidmətə çağırılıb. Beləliklə, Ordu İdman Klubunda yeni dönəm başlayıb. Azərbaycan birinciliyində öncə 2-ci və 3-cü pilləyə çıxıb, daha sonra çempion adına yiyələnib. Bununla yanaşı, OİK yığmasının heyətində Zaqafqaziya hərbi dairəsi üzrə Tiflisdə keçirilmiş yarışda ən yüngül çəkidə 3-ü yer tutub.1955-ci ildə çempion titulunu qazandıqdan sonra, respublika millisinə dəvət alıb. Özünün dediyinə görə, Helsinki-1952 yay olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyov, dünya və Avropa çempionu Aydın İbrahimov, SSRİ çempionları Musa Babayev, İbrahimpaşa və Muxtar Dadaşovlar, Rəhim İsmayılov kimi adlı-sanlı güləşçilərlə birgə hazırlaşıb. 1957-ci ildə hərbi xidmət müddəti başa vurduqdan sonra doğma “Dinamo”ya qayıdıb. Onun ilk böyük uğuru 1958-ci ildə Tatarıstan paytaxtı Qazanda olub. SSRİ Ordu İdman Klubları arasında keçirilən yarışda (öz əhəmiyyətinə görə ittifaq çempionatından geri qalmırdı) bürünc medal qazanması istedadlı bahadırın yolunu açıb və o, artıq Sovet yığmasıın tərkibində müxtəlif daxili və beynəlxalq yarışlara qatılıb.

Həmin il Xalq Təsərrüfatı İnstitutunun 1-ci kursuna qəbul olunub və “Bədən tərbiyyəsi kafedrası”na yunan-Roma güləşi üzrə müəllim-məşqçi təyin edilib.
Tələbəlik dönəmində təhsil almaqla yanaşı, “klassik” güləşlə maraqlananlara məşqlər keçirərək, respublika miqyasında müxtəlif yarışlara hazırlayıb.
1963-cü ildə institutu bitirdikdən sonra Eduard Kasparovun baş məşqçi olduğu “Ehtiyat Əmək Qüvvələri”nə dəvət alıb. Cəmiyyətdə çalışdığı dövrdə bir çox güləşçini, o cümlədən, ən yüngül çəkidə SSRİ çempionu olan K.Ağayevin hazırlıq mərhələsində yaxından iştirak edib.

1960-cı ildən respublika dərəcəli hakim adını aldıqdan sonra, bu istiqamətdə də fəlaliyyət göstərib. Müxtəlif şəhərlərdə (Bakı, Şəki, Naxçıvan, Ağdam, Göycay, Şuşa, Laçın və s.) yunan-Roma və sərbəst güləş üzrə respublika birinciliklərinin baş hakimi və ya baş katibi olub. Yarışları yaxşı səviyyəsində keçirdiyinə görə müxtəlif mükafatlarla təltiflənib.
Maraqlıdır ki, 1958-1965-ci illərdə idman jurnalistikası ilə də məşğul olub. Mütəxəssisin müxtəlif yarışlarla bağlı məqalələri respublikanın mərkəzi mətbu orqanlarının səhifələrində güləş xəbərlərinə ayrılmış xüsusi zolaqda dərc edilib.
1965-1995-ci illər ərzində AzSSR, sonradan Dövlət Plan Komitəsi və Nazirlər Soveti sistemində, eləcə də ticarət və müdafiə nazirliklərində məsul vəzifələrdə çalışıb. Təqaüdə çıxandan sonra yarışlarda əldə etdiyi təcrübəni gənc nəslə öyrədib. Hazırda “Günəş” idman cəmiyyəti ilə bu sahədə sıx əməkdaşlıq edir.

2014-cü ildə idman sahəsində göstərdiyi xidmətlərə görə gənclər və idman naziri tərəfindən “Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüb. Gələn il 85 illik yubileyini qeyd etməyə hazırlaşan Rafiq Rəhimov 3 uşaq atasıdır. Nəvələrindən güləş idmanına maraq göstərənlər var. Onlar arasında çempion olmasa da, nə vaxtsa, gələcək nəsildə bu özünü göstərəcək.

Kamran HACI

Həmin kateqoriyadan