“Rahib Məmmədov Avropa Oyunlarının atletika yarışlarında əsas favoritlərdəndir”

İdmanın ən qədim növlərindən olan atletika ilə bağlı ilk təsvirlərə hələ eramızdan əvvəl 2250-ci ildə qədim Misir və yunan rəsmlərində rast gəlinir. Allsport.az xəbər verir ki, müasir dövrdə atletika idmanın bütün növləri arasında insanların ən çox məşğul olduğu sahədir.

“Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində də atletika yarışları keçiriləcək. “Rio-2016” Yay Olimpiya Oyunları üçün seçmə yarışlara aparan yolun bir hissəsi kimi, atletika üzrə mübarizə “Bakı-2015”də iyunun 21-22-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Bu stadion həm idmançılara, həm də tamaşaçılara dünya səviyyəli yarışlara şahid olmaq imkanı verəcək. Atletika yarışlarında iştirak etmək üçün Bakıya 500 kişi və qadın idmançı gələcək.

Avropa Oyunlarında atletika yarışları Avropa çempionatının 3-cü liqasını əhatə edəcək. Olimpiya idman növlərinin sayına görə bu yenilikçi və maraqlı formata kişilər və qadınlar üçün nəzərdə tutulmuş 40 yarışda mübarizə aparacaq 15-dək milli komanda daxil olacaq. Komandaların hər yarış üçün bir idmançısı olacaq. Hər idmançıya xal veriləcək və intensiv yarışın sonuncu günü ərzində ən çox xal toplayan üç komanda medalla təltif olunacaq.

“Bakı-2015” Avropa Oyunlarında 110 metr məsafəyə maneələrlə qaçış və 4×100 estafet qaçışında Azərbaycanı təmsil edəcək Rahib Məmmədov turnirə hazırlıqla bağlı fikirlərini “Azərtac”la bölüşüb. Oyunlara ciddi hazırlaşdığını bildirən Məmmədov rəqiblərinin güclü olduğunu diqqətə çatdırıb.

Atlet deyib: “Bəzi rəqiblərim haqda məlumatlıyam. Əsasən də serbiyalı atletin güclü rəqib olduğunu düşünürəm. Amma mən də bu yarışa ciddi hazırlaşıram. Doğma meydanda uğurla çıxış edib, mükafatçılar arasında yer alıb xalqımızı sevindirmək istəyirəm”.

Karyerasında qazandığı nailiyyətlərdən danışan atlet məşqçilərinin tapşırıqlarını layiqincə yerinə yetirib Avropa Oyunlarındakı çıxışını səbirsizliklə gözlədiyini bildirib.

Atletin şəxsi məşqçisi, yığma komandanın sürət üzrə məşqçisi Elvin Əliyev Məmmədovun son yarışlarda qazandığı nailiyyətlərin idmançının “Bakı-2015”də iştirakını təmin etdiyini vurğulayıb. Yetirməsinin beynəlxalq yarışlardakı uğurlu çıxışını xüsusi vurğulayan məşqçi deyib: “Avropada təşkil olunan yarışlarda Məmmədov dəfələrlə mükafatçılar sırasında yer alıb. Atletimizi yarışın iddialı iştirakçılarından hesab edirəm. Çünki o, məşqlərə çox ciddi yanaşır və verilən tapşırıqları layiqincə yerinə yetirir.

“Bakı-2015”də atletika üzrə mübarizənin “Rio-2016” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün əhəmiyyətli yarış olduğunu bildirən Elvin Əliyev atletlərin müxtəlif normativləri layiqincə yerinə yetirəcəklərinə inandığını söyləyib.

Milli komandanın dözümlülük üzrə baş məşqçisi Bəhruz Salehli Məmmədovun “Bakı-2015”in atletika yarışlarında əsas favoritlərindən olduğunu, məşqlərə çox həvəslə yanaşdığını diqqətə çatdırıb. O deyib: “Milli komandamızda istedadlı idmançılar çoxdur. Avropa Oyunlarında üçtəkanla tullanma yarışlarında ölkəmizi təmsil edəcək Nazim Babayevdən də medal gözləyirik. Hər iki atletin mükafatçılar sırasında yer alacağını ümid edirəm.

Həmin kateqoriyadan