Ramin Musayev: Məşqçinin həmkarına əl qaldırması qeyri-etikdir

Premyer liqasının 3-cü turunda “Səbail” – “Qarabağ” oyununu izləyənlər arasında PFL-in prezidenti Ramin Musayev də vardı. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra o, ayaqüstü KİV nümayəndələrinin suallarını cavablandırdı.

– “Qarabağ”ın Avropa liqasının qrupunda rəqibləri məlumdur…
– Qorxduğumuz yeganə komanda “Sevilya”dır. O birilərdən çəkinməməliyik. Amma “Sevilya”ya qarşı da nəsə etmək olar. Onlardan ən azı, 1 xal almaq olar. Niyə də yox?

– “Neftçi” – “Sumqayıt” matçında baş verənlərdən xəbərdarsınızmı?
– Bəli, xəbərim var. Hər şeydən məlumatım var. İnşAllah, həftənin 3-cü günü hər şeyi eşidəcəksiniz.

– Şəxsi fikriniz necədir?
– Bu hadisələr olmamalı idi. Əgər bir hadisə olubsa, bu da cavabsız qalmamalıdır. Xoşagəlməz hadisə məşqçinin məşqçiyə əl qaldırmasıdır. Qalan şeyləri qəbul etmək olar. Hakim, futbolçu, məşqçi səhvləri başadüşüləndir. Ancaq məşqçinin həmkarına əl qaldırması qeyri-etikdir.

– “Qarabağ”ın 4:0 hesablı qələbəsinə sevindiniz, yoxsa “Səbail”in 0:4 hesablı məğlubiyyətinə üzüldünüz?
– Məyus olmalı bir şey yoxdur. Çünki “Qarabağ” futbolda öz sözünü demiş komandadır. Hər 2 komandanın vəziyyətini də nəzərə almalıyıq. “Səbail” böyük hesablı məğlubiyyətə baxmayaraq, gənc uşaqlarla oyun göstərdi.

– “Neftçi”nin oyununda yenə polislərlə azarkeşlər arasında problem yarandı və az qala “Neftçimani” fan-klubunun üzvləri yenə stadiondan çıxarılacaqdı. Azarkeşlər tribunalardan çıxarılacaqsa, oyuna kimlər baxacaq?
– Televiziyadan baxırdım. Həmişə azarkeşlərin tərəfində olmuşam, onlara kömək də eləmişəm. Bir problem yaşadıqları zaman yanlarında olmuşam. Ancaq söyüşün əleyhinəyəm. Kimisə təhqir etmək, qəlbini qırmaq olmaz.

– Sponsor məsələsi hələ açıq qalıb?
– Sponsorluq məsələsini bu gün təxminən saat 2-də danışmışıq. İnanıram ki, tezliklə həll olunacaq. 2 əcnəbi şirkət namizəddir.

Həmin kateqoriyadan