Ramin Musayevin çempionatı dünya reytinqində 20 pillə geriləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın ən yaxşı liqalarının siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 2018-ci ilin yekunlarına əsasən tərtib olunan cədvəldə planetin ən yaxşı 80 çempionatı yer alıb. Siyahıda Azərbaycan çempionatı da var. Topaz premyer liqası ötən ilin nəticələrinə görə dünyada 70-cidir. Çempionatımızın əmsalı 306 xala bərabərdi. 

Bir il öncə – 2017-ci ilin yekunlarında dünyanın 50-cisi olan Ramin Musayevin rəhbərlik etdiyi premyer liqa bu müddətdə 20 pillə geriləyib. Son bir ildə ABŞ, Çili, İrlandiya, Latviya, Qvatemala, Estoniya, Kosta-Rika, Tailand, Macarıstan, BƏƏ, Anqola, Gürcüstan, Peru, Litva, Venesuela, Əlcəzair, Slovakiya, Qətər, Zambiya və Konqo çempionatları bizi keçib. 

Matç.az-ın məlumatına görə, siyahıya İspaniya La Liqası başçılıq edir – 1256 xal. İngiltərə 1050 xalla 2-ci, Braziliya 1043 xalla 3-cüdü. İlk “onluq”da Kolumbiya (1028), İtaliya (998), Argentina (902), Fransa (895), Almaniya (834,5), Şotlandiya (720,5) və Portuqaliya (714,5) çempionatları da yer alıb. Qonşu Türkiyə 6 pillə geriləyərək 570,5 xalla 20-ci sırada qərarlaşıb.

Həmin kateqoriyadan