Ramin Şükürov: Hədəfimiz “Qarabağ”ın qısa zamanda Bundesliqaya yüksəlməsidir

Avstriyada fəaliyyət göstərən “Qarabağ”ın (Vyana) baş meneceri Ramin Şükürov müsahibə verib. Allsport.az saytı onun komandanın mətbuat xidmətində çalışan həmkarımızla söhbətini təqdim edir:

– Klubunun cari mövsüm ilk dövrədəki çıxışını necə qiymətləndirirsiniz?
– Bu il Avstriya 3-cü liqasında ilk dəfə çıxış etməsinə baxmayaraq, 16 oyunun nəticəsi olaraq 30 xal toplayaraq, liqanın ilk dövrəsini 6-cı yerdə bitirib. Bu nəticə 3-cü liqaya yeni yüksələn və ilk dəfə olaraq bu dəstədə mübarizə aparan bir klub üçün çox yüksək göstəricidir. Lakin qarşısına yüksəklər hədəflər qoyan bir klub üçün razı qalınacaq bir nəticə deyil. Klub olaraq ardıcıl 3 ildi yüksək liqaya yüksəlməyimizi, hər il yüksək liqalara uygun dəyişiklikləri və istənilən nəticələri əldə etmək üçün adaptasiya müddətini nəzərə alsaq, biz “Qarabağ”ın idarə heyəti olaraq hal-hazırkı inkişaf prosesindən məmnunuq. Çünki liqanın ilk dövrəsindəki nəticələr həlledici deyil. Biz dövrə arasını doğru dəyərləndirərək həlledici olan 2-ci mərhələdə ümidlərin doğrulacağı nəticələr vermək istəyirik.

– Son oyunları nəzərə alaraq, demək olar ki, bəzi futbolçular məşqçilərin ümidini doğrultmadı?
– Təbii ki, yeni transferlərdən qısa müddətdə istənilən səviyyədə oyun tələb etmək etmək olmur. Biz bu il fərqli ölkə və fərqli liqalardan, fərqli özəlliklərə sahib oyunçu transferləri etdik. Bütün bu fərqlilikləri klubun gələcəyi naminə birləşdirmək üçün ən önəmli ehtiyac zamandı. Klub rəhbəliyi qısa müddət ərzində böyük nəticələr əldə etmək üçün lazımi işləri həyata keçirir. Çünki ən qısa müddətdə Avstriya 1-ci liqasına çıxmaq hədəfinə çatmaq üçün, zamanla savaşmalısınız.

– Antalya toplanışında Bakının “Xəzər” klubuyla görüş oldu. Bu Azərbaycan klubuyla ilk görüş kimi tarixə düşdü. Rəqib haqqında fikirləriniz maraqlıdı…
– “Xəzər” də “Qarabağ” kimi gənc və hədəfləri olan klubdu. Bizimlə oyunda rəqib çox yaxşı mübarizə apardı. Bu inkişaf tempi ilə “Xəzər” klubunu tezliklə Premyer Liqada görəcəyimizə inanıram. Ümid edirəm ki, yaxın gələcəkdə “Xəzər” və “Qarabağ” ən yüksək liqada mübarizə aparan futbol klubları olaraq yenidən qarşılaşarlar.

– Klubunuzda çıxış edən azərbaycanlı futbolçuların hazırlıq vəziyyəti necədi?
– Qış transferində klubumuzun heyətinə cəlb olunan Emil Fərzəliyev ilə birlikdə hal-hazırda klubumuzda 3 azərbaycanlı futbolçu var. Bildiyiniz kimi, Elvin Bədəlov və Dmitri Nağıyev mövsümün ortalarından heyətdə yer almağa başladılar. Elvin Bədəlov bu mövsüm çox yaxşı formadadı və davamlı olaraq start heyətdə forma geyinir. Dmitri Nağıyev müdafiənin sağ cinahında çıxış etmək üçün Avstriya Bundesliqasında çempion olan Kristian Sonoferlə rəqabət aparır. Təbii ki, kimin hansı oyunda komanda üçün daha doğru seçim olduğuna komandanın baş məşqçisi qərar verir. Emil Fərzəliyev isə çox gənc futbolçu olaraq A komandasında forma geyinmək üçün adaptasiya müddəti keçməli və çox çalışmalıdı.

– Yayda digər azəri futbolçuların transferi gözlənilirmi?
– Yay transfer üçün hal-hazırda düşünmək tezdi. Çünki biz mövsümün sonunda hansı liqada olacağımızı daha bilmirik. Sezon sonuna yaxın hansı liqada oynamağımızın daha realistik olmasına bağlı olaraq o liqa səviyyəsi üçün transferlərə diqqətimizi yönəldəcəyik. Azərbaycanlı bir sıra gənc oyunçuların yayda transferi həyata keçirilə bilər. Klubun skautları Azərbaycanın U-19 və U-21 komandalarında forma geyən futbolçuları izləyir.

– “Qarabağ”ın infrastrukturu və gələcək planlar barədə danışmağınızı istərdik…      
– Bu il fevral ayında klubumuzun infrastruktur imkanları baxımından çox önəmli bir hadisə baş verdi. 3 aydı Schwechat şəhər meriyası ilə apardığımız rəsmi danışıqlar fevral ayının 15-də öz bəhrəsini verdi. (Schwechat şəhəri Vyana şəhər aeroportunun ətraf bölgələrini əhatə edir, klubun hazırki idman mərkəzindən 3 km məsafədə yerləşir.) Belə ki, klub və şəhər meriyası arasında razılığa əsasən “Qarabağ” futbol klubu artıq ev oyunlarını Avstriyanın tarixi Rudolf Ton stadionunda keçirəcək. Rudolf Ton stadionu 1980-ci ildə inşa edilib və 7 min nəfərlik tribunaya sahibdi. Klubumuz mart ayının 3-də sözügedən stadionda ilk rəsmi ev oyununa çıxacaq.
“Qarabağ”ın idman mərkəzi isə klubumuzun futbol məktəbi və əsas komandaları üçün təlim-məşq meydançaları olaraq qalmaqda davam edəcək. İdarə heyəti olaraq maaliyyə imkanlarımızı genişləndirərək, “Karabakh” Vyana idman mərkəzini yaxın gələcəkdə müasir idman mərkəzi kompleksi formasında inşa etməyi planlayırıq.

– Cari mövsüm üçün hədəf nədi? Hazırda futbolçuların səviyyəsi daha yüksək liqaya vəsiqə qazanmağa imkan verir?
– Hər il olduğu kimi bu ildə cari mövsümdə hədəf bir pillə yüksək liqaya vəsiqə qazanmaqdı. Bu il klubumuzun bir yuxarı liqaya vəsiqə qazanması bizim üçün daha böyük əhəmiyyət daşıyır. Çünki biz bununla Bundesliqanın rəsmi üzvü olmaq hüququ daşıyaraq, Avstriyanın ən yüksək 2-ci liqasında mübarizə aparmaq şansı əldə edə bilərik. Bundesliqa özündə Avstriya 1-ci və 2-ci ligalarını birləşdirir. Azərbaycanlılar tərəfindən yeni qurulan və qısa müddətdə sürətlə bu qədər irəliləyən “Qarabağ”ın Bundesliqada mübarizə aparmasının nə qədər qürurverici bir uğur ola biləcəyini yəqin ki, izah etməyə ehtiyac yoxdu.

– “Qarabağ”ın gücü, nəticələri Avstriya futbolunda necə qarşılanır?
– “Qarabağ”ın gücü gənc, innovativ və modern klub olmasıdı. Avstriyada klublar və futbolsevərlərin böyük bir hissəsi konservativdi. Bu önəmli faktor “Qarabağ”ın Avstriya cəmiyyətində qəbul edilməsində ilk dönəmdə böyük sədd kimi görünürdü. Təbii ki, idarə heyəti olaraq biz bilirdik ki, Avstriyada xarici statusunda olan azərbaycanlılar tərəfindən qurulan və yerli cəmiyyətdə “Azərbaycan klubu”, “Azərbaycanlıların klubu” kimi tanınan futbol klubunu cəmiyyətin futbolsevər kütləsi tez bir zamanda sevməyəcəkdi. Əksinə buna qarşı da çıxa bilərdi. Biz bu çətinliklərlə yola başlayaraq inandıq ki, əldə edəcəyimiz uğurlar və cəmiyyət həyatında pozitiv görəcəyimiz işlər “Qarabağ” futbol klubunu müəyyən müddət sonra yerli cəmiyyətdə sevilən klublardan biri edəcək. Bu inancımız və əzmkar fəaliyyətimiz bu gün bəhrəsini verir. Artıq yerli cəmiyyətdə futbolsevər kütlənin önəmli bir hissəsi klubumuzu uğurla yüksələn və inkişaf edən bir klub kimi tanıyır. Klubun oyununu izləməyə gələn tamaşaçıların sayı günü-gündən artır. Biz nəinki gözəl futbol nümayiş etdirməklə, nizam-intizamlı davranmaqla, həm də sosial layihələrlə çalışırıq ki, yerli cəmiyyətdə klub olaraq adımız və fəaliyyətimiz hər zaman insanlarda pozitiv fikirlər oyatsın və dəstəklənilsin. Gənc azərbaycanlılar olaraq hər zaman fərqindəyik ki, idarə heyəti olaraq fəaliyyətimiz və davranışlarımız Avstriya cəmiyyətində sadəcə bilvasitə “Qarabağ” haqqında deyil, bilavasitə bizim vətəndaşı olduğumuz Azərbaycan və ölkəmizin insanları haqqında da fikir yaradacaq. Bu amil bizim üçün çox böyük məsuliyyətdi və biz bunu layiqincə daşımağa çalışırıq.
Fürsətdən istifadə edərək “Qarabağ”a Azərbaycanda dəstək olan azarkeşlərə təşəkkür edirəm. Sosial mediada bizə çoxlu sayda məktublar gəlir. Klubun formasını əldə etmək istəyən insanlar Bakıda rəsmi mağazamızın açılmasını istəyir.

– Yayda nəticədən asılı olaraq klubda islahatlar ola bilərmi?
– Siz uzun müddətli inkişaf planı hazırlayıb və qarşınıza bunu həyata keçirmək üçün hədəf qoymusunuzsa, hədəfə çatana qədər daim islahatlar və dəyişikliklər gözləniləndi.

Həmin kateqoriyadan