Rauf Əliyevin 40-cı qolu

“İnter”in futbolçusu Rauf Əliyev Azərbaycan çempionatlarında yubiley qolunu vurub. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı hücumçu Premyer Liqanın 5-ci turunun “Neftçi” ilə qarşılaşmasında 2 dəfə fərqlənib. O, bununla da ölkə çempionatlarında qol sayını 40-a çatdırıb. Bu matçadək hesabında 38 qol olan Əliyev 39-cu və 40-cı toplarını özünün 188-ci matçında vurub. Bu qol ona Azərbaycan çempionatları tarixinin ən məhsuldar oyunçuları sırasında 51-ci yerə şərik olmaq imkanı verib.

Forvard, Mehman Allahverdiyev, Junivan Suares, Samir A. Məmmədov və Fernando Pereslə eyni sayda qol sevinci yaşayıb. İlk qolunu 2006/07 mövsümündə vuran hücumçu 4 klubun heyətində rəqib qapılarına yol tapıb. “Qarabağ”da 23, “Bakı”da 11, “Xəzər Lənkəran” və “İnter”in hərəsində 3 dəfə fərqlənən Rauf oynadığı klublardan yalnız birində – “Neftçi”də qola həsrət qalıb.

Qeyd edək ki, Əliyev 2 qolla “Neftçi” üzərində 2:1 hesablı əzmkar qələbədə pay sahibi olub. Bununla da “ağ-qaralar”ın ölkə çempionatlarındakı yeni antirekordu qeydə alınıb. “Neftçi” Azərbaycan çempionatları tarixində ilk dəfə ardıcıl 4 oyunda məğlub olub.

Həmin kateqoriyadan