Rioda Bakı İslam oyunlarının təqdimatı keçirilib

Rio-de-Janeyronun “Windzor Barra” mehmanxanasında 2017-ci ildə Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi oyunlarının təqdimatı keçirilib. Allsport.az saytı GİN-nin mətbuat katibinə istinadən xəbər verir ki, 60-dan artıqü qonağın iştirak etdiyi mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, 4-cü İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov, Rio-2016-da Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, rəsmilər, eyni zamanda İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum, Nigerin baş naziri Ada Salissau, Qvineya-Bissaunun baş naziri Bakiro Dja,  Malaziya, İndoneziya, Qvineya-Bissau, ÇAD, Qambiya, Fələstin, Suriya və digər islam ölkələrinin Milli Olimpiya Komitələrinin prezidentləri,  baş katibləri,  idmana məsul nazirləri,  iştirak edirdilər.
Qonaqları ilk olaraq salamlayan nazir Azad Rəhimov ölkəmizin bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirərək, 1-ci Avropa oyunlarını, Formula-1 turnirini, digər qitə və dünya çempionatlarını buna misal gətirib: “Daim dünyaya tolerantlıq nümayiş edən Azərbaycanın IV İslam Həmrəyliyi oyunlarını keçirməkdə məqsədi  İslam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq  münasibətlərini yaratmağı nümayiş etdirməkdir. 12 yarış günü ərzində 5000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Daim hər bir yarışa yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, IV İslam Həmrəyliyi oyunları ilə Azərbaycan simasında müsəlman ölkəsinin gözəlliyini, tolerantlığını dünyaya nümayiş etdirəcək”.
Nazir Azad Rəhimovun çıxışından sonra  qonaqlar üçün IV İslam Həmrəyliyi oyunları haqda hazırlanmış film nümayiş olundu. Filmdə IV İslam oyunlarına hazırlıq prosesi, idman obyektləri haqqında məlumat və digər mühüm məqamlar öz əksini tapmışdı.
Filmin nümayişindən sonra sual-cavab bölümü başlandı. Burada IV İslam Həmrəyliyi oyunlarına hazırlıq prossesi, akreditasiya, idmançıların qalacaqları məkanlar, yarışların keiriləcəyi idman obyektləri və digər məsələlərlə bağlı verilən suallar nazir Azad Rəhimov tərəfindən cavablandırıldı, fikir mübadiləsi aparıldı.Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri paylandı.

Həmin kateqoriyadan