Rizvan Gənciyev yenidən WSB komissiyasında

“Baku Fires” klubu Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümünə hazırlığı Rusiyanın Kislavodsk şəhərində davam etdirir. Allsport.az xəbər verir ki, dekabrin 25-nə kimi davam edəcək təlim-məşq toplanışında ümumilikdə 25 boksçu iştirak edir.

Bu arada “Baku Fires”in baş meneceri Rizvan Gənciyev yenidən ölkəmizi AİBA-nın WSB komissiyasında təmsil etmək hüququ qazanıb. Beynəlxalq Boks Federasiyasının prezidenti Çinq Ko Vu tərəfindən kluba göndərilən məktubda Gənciyevin 2018-ci ilədək bu komissiyada fəaliyyət göstərəcəyi yazılıb:

“Mən sizi boksu bilən və bu idman növünü ürəkdən sevən biri kimi tanıyıram. Əminəm ki, bundan sonra da WSB liqasının və boks idman növünün inkişafı üçün əlinizdən gələni edəcəksiniz”.

Qeyd edək ki, komissiyanın növbəti iclası 2015-ci ilin fevralında İsveçrənin Lozanna şəhərində keçiriləcək.

“Baku Fires” yeni mövsümdə ilk görüşünü isə yanvarın 17-də Quba Olimpiya Kompleksində “İtalia Thunder” komandasına qarşı keçirəcək. WSB liqasının yeni mövsümü Rio Olimpiadasına lisenziya xarakteri daşıdığından gərgin mübarizənin gedəcəyi gözlənilir. Çempionatın sonunda 10 çəki dərəcəsi üzrə 17 boksçu Olimpiya oyunlarına vəsiqə qazanacaq. Komandamız “B” qrupunda “İtalia Thunder”lə yanaşı, “Argentina Condors”, “Astana Arlans”, Poland Hussars”, ABŞ, Venesuela, və Puerto Riko klubları ilə mübarizə aparacaq.

Həmin kateqoriyadan