Rizvan Rəsulov: Moskvada dopinqlə mübarizədə elmi əsasların böyük əhəmiyyətindən danışıldı

Rusiya Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə beynəlxalq anti-dopinq seminarı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə bir sıra vacib məsələlər müzakirə edilib. Yığıncağa dəvət alanlar arasında Azərbaycan Ağır Atletika Federasiyası da olub. Qurumun baş katibi Rizvan Rəsulov Moskvadakı toplantıda iştirak edib.

– Moskva şəhərində beynəlxalq anti-dopinq seminarında iştirak etdiniz. Zəhmət olmasa, ilk öncə bu tədbir barədə ətraflı məlumat verərdiniz: orada nələr müzakirə olundu, hansı məsələlər gündəmə gətirildi?
– Bu anti-dopinq seminarında 11 ölkənin milli federasiyalarının nümayəndələri içərisində Azərbaycan nümayəndələri də iştirak edirdilər. Elmi simpozium səviyyəsində keçirilən tədbirdə Rusiya Milli Olimpiya Komitəsinin, Rusiya Anti-Dopinq Agentliyinin (RUSADA), Rusiya Ağır Atletika Federasiyasının, Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF), həmçinin Ümumdünya (WADA) və Kanada Anti-Dopinq Agentliyinin nümayəndələri iştirak edirdilər. Seminar RAAF-ın təşəbbüsü ilə keçirilirdi. Bu seminarın olduqca səmərəli keçdiyini deyə bilərəm. Əsas məqsəd ağır atletika idman növündə yaranan dopinq problemlərindən qaçmaq və gələcəkdə təmiz idman rəqabəti mühitinin yaradılması üçün səmərəli vasitə və metodların tətbiqi məsələləri təşkil edirdi.
Çox sayda mühazirələr oldu: anti-dopinq nəzarəti sistemində milli federasiyaların yeri, yüksək təsnifatlı idmançıların hazırlanmasında tibbi-bioloji təminatın əhəmiyyəti, idmançıların texniki və fiziki hazırlıqlarına nəzarət etmək üçün biomexaniki tibbi-aparat proqramının tətbiqi və s. Ən əsas məsələlərdən biri kimi də ağır atletikada qeyri-dopinq hesab edilən yeni bitki preparatlarının tətbiqinin perspektiv və uğurları mövzusunda çox maraqlı mühazirələr təqdim edildi. Bir vaxtlar sovet ağır atletika sisteminin dünyanın ən aparıcı sistemlərindən biri olduğunu nəzərə alsaq, mühazirələr əsasən də rus alimləri tərəfindən aparılırdı. Prioritet məsələ də bu sistemi yenidən gündəmə gətirib müasirləşdirmək, onu tətbiq etmək oldu. Əsas hədəf kimi iki məsələ – dopinqdən istifadə etməmə və Rusiya ağır atletikasının necə inkişaf etdirib, yenidən aparıcı ağır atletika dövlətlərindən birinə çevrilməsini təmin etmə qoyuldu. Burada 11 ölkə ilə yanaşı, Rusiyanın 72 regionunun da idman rəhbərləri, məşqçilər və mütəxəssisləri iştirak edirdi. Çox maraqlı seminarlar oldu. Kanada ADA və WADA-nın nümayəndələri də çox maraqlı layihələrlə çıxış etdilər. Bu seminarda xeyli məsələlər müzakirə olundu.

– AAAF da son illərdə atdığı addımlarla dopinqlə mübarizə apardığını aşkar şəkildə göstərə bilib. Həm ölkə daxilində, həm də xaricində bilirlər ki, biz federasiya olaraq dopinqə yox deyirik. Federasiyanın fəaliyyəti ilə bağlı hansısa müzakirələr oldumu, hansısa fikirlər səsləndirildimi?
– Dopinq ümumi problemdir. Xüsusilə də müvəqqəti cəza almış ölkələr üçün bu, daha böyük əhəmiyyət daşıyır. Tətbiq olunan cəzanın aradan qaldırılması üçün verilən qərarlar var. Bu qərarların icrasını tam yerinə yetirən ölkələr də var, çətinlik çəkənlər, pozuntulara yol verənlər də. Azərbaycan AAF üzərinə götürdüyü öhdəliklərə, qərarlarda göstərilən bütün bəndlərə tam riayət edir. Bunu orada da qeyd etdilər. Biz çalışırıq ki, ən yaxın zamanda yeniyetmələrimiz, sonra isə gənclərimiz və böyüklərimiz yarışlara qatılma hüququnu əldə edə bilsinlər.

– Seminarların davam etdirilməsi ilə bağlı hər hansı qərar qəbuil olundumu?
– İyulun 7-nə qədər biz də ölkədaxili seminarlar təşkil edəcəyik. Buna qədər Milli Anti-Dopinq Agentliyi ilə birgə belə seminarlar təşkil etmişik, bu prosesi davam etdirəcəyik.

– Moskvada dopinqlə mübarizənin əsas tezisləri nə oldu? 
– Orada həm seminar idi, həm də Rusiyanın elmi potensialını, yüksək səviyyəli idmançıların gələcək yarışlara dopinqsiz hazırlaşması istiqamətində yaxın gələcəyə qoyulan güc nümayişi idi. Rusiya dövləti bu seminarda ən müasir idman mərkəzlərini, reabilitasiya ilə bağlı maddi-texniki imkanlarını nümayiş etdirdi. Hansı ki, bizim ölkədə bu imkanlar var, lakin biz bundan daha səmərəli istifadə etməliyik.
Sovetlər dönəmində idmanın gözəl ənənələri, gözəl sistemi vardı ki, o da davam və inkişaf etdirilməli idi. Burada yalnız elmi potensial və müasir texnoloji vasitələrin tətbiqi kifayət edirdi. Bir vaxtlar Çin məhz bu sistemi tətbiq edərək öz idmanını inkişaf etdirmişdi. Çünki burada pedaqoji, psixoloji, taktiki, texniki, tibbi-bioloji və öncə seleksion işlər cəmləşdirilir ki, bunun hesabına da yüksək dərəcəli idmançılar yetişdirilirdi.
Sovetlər İttifaqından sonra isə bu nəzəriyyələr köhnəldi, diqqətdən kənarda qaldı. Biz də bundan yan keçmədik. Elmi əsaslar unudulduğuna görə də dopinq belə rahat və sürətlə özünə yer aldı. İndi geri dönmək üçün kompleks tədbirlər həyata keçirilməlidir. Əks halda, aparılan işlər heçə enə bilər. Bu seminarda təkcə RAAF yox, bütün digər federasiyalar üçün əsas tezislər, qayələr müəyyənləşdi. Qarşıya hədəflərin qoyulmasının vacibliyi vurğulandı. Faktiki dünyada təkcə ağır atletika növü yox, bütün dünya idmanı böhrandadır. İstər kommersiyalaşma, istər dopinq məsələlələri… Bütün bunlar idmanın inkişafına mənfi təsir göstərir. Ola bilsin ki, bəzi müsbət məqamlar var. Ancaq dopinq idmanda ədaləti, haqqın qarşısını alan ciddi maneədir. Bu gün istər Beynəlxalq Olimpiya Komitəsi, istər WADA, istərsə də federasiyalar bu istiqamətdə mübarizə aparırlar. Biz də bu hərəkata qoşulmuşuq.

– Qarşıda bizi böyük yarışlar gözləyir. Bu il Buenos-Ayresdə yeniyetmələrin olimpiya oyunları, 2 il sonra isə Tokioda əsas 0limpiya 0yunları təşkil ediləcək. Bu yarışlarda iştirak və layiqli çıxış əsas hədəfdir. Bu hədəflərlə bağlı AAAF hansı addımları atır?
– Bəzi işlər var ki, onlar sağa-sola çəkilməməli, müəyyən olunan plan üzrə davam etdirilməlidir. Biz götürdüyümüz öhdəliyi layiqincə yerinə yetirməyə çalışırıq. Nə qədər nail oluruqsa, bunu vaxt-zaman göstərəcək. Biz ilk olaraq kütləviliyə nail olunması istiqamətində addımlar atmışıq. Əsas da yenitetmələrin yaxşı hazırlıq prosesi keçməsi, onların müəyyən bir nöqtəyə çıxması üçün daha çox işlər aparılır. Çünki dopinqin qarşısının alınması, birdəfəlik yox edilməsi üçün kiçik yaşlardan aparılan işlər xüsusi əhəmiyyət daşıyır. İyun ayında cəzamızın 8 ayı bitir. Biz İtaliyanın Milan şəhərində keçiriləcək 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyində iştirak etmək istəyirik. Çünki orada 17 yaşlı qızlar arasında yarışma bizim üçün böyük əhəmiyyət daşıyır. Biz bu yarış vasitəsilə qızlar arasında Buenos-Ayres Yay Olimpiya Oyunlarına daha bir lisenziya əldə edə bilərik.
Tokio Olimpiadası ilə bağlı isə durum fərqlidir. Çünki lisenziya əldə edilməsi sistemi dəyişib. Əvvəllər Olimpiadaya komanda şəklində toplanılan xallar hesabına vəsiqə qazanılırdısa, indi konkret fərdlər bu hüququ əldə edəcəklər. Bunun üçün onlar şəxsi reytinqlərini yüksəltməli və 2018-2020-ci illərdə keçirilən lisenziya yarışlarında iştirak edərək mümkün qədər çox xal toplamalalıdırlar. Bu dövr üçün idmançının iştirak edəcəyi 6 yarışdan 4-də göstərdiyi ən yaxşı nəticə qeydə alınacaq. Bu ilin noyabrında Türkmənistanda dünya çempionatı keçiriləcək. İlk lisenziya xalları da elə bu yarışda qazanılmağa başlayacaq. Ona görə builki dünya çempionatı xüsusi əhəmiyyət kəsb edəcək. Əlavə edək ki, BOK-un qərarına görə, 2008-ci ildən bu yana 20-dən çox dopinq hadisəsi qeydə alınan federasiyalar – bura Azərbaycan da daxildir – Tokioda cəmi 2 ağır atletlə təmsil oluna biləcəklər: bir kişi və bir qadın.

– Hazırda ağır atletika idman növünün inkişafı istiqamətində hansı konkret addımlar atılır?
– Maddi-texniki bazanın zənginləşdirilməsi və idman növümüzün coğrafiyasının genişləndirilməsi istiqamətində Azərbaycan Ağır Atletika Federasiyası hazırda ciddi islahatlara start verib. İxtiyarımızda olan ağır atletika avadanlıqlarının yerlərə paylanmasını təşkil edirik, tabeçilik yönümündən asılı olmayaraq idman zallarını təmir edir, yeni ağır atletika zallarını istifadəyə veririk. Hazırlıq istiqamətində isə keçən ilin dekabr ayından etibarən fasiləsiz təlim-məşq toplanışlarına start vermişik. Düzgün qidalanma, tibbi-bioloji təminat və əsasən də texniki, fiziki və psixoloji hazırlıqları əsas hədəf kimi qarşımıza bir vəzifə kimi qoymuşuq. Sıralarımıza əsasən də yeniyetmə idmançıları dəvət etmişik. Milli yığma üçün ehtiyat qüvvələri hazırlamaq istiqamətində kompleks tədbirləri həyata keçiririk.

Həmin kateqoriyadan