Robert Prosineçki: “Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik”

Noyabrın 11-də Belfastda Dünya Kuboku-2018-in ələməsində Şimali İrlandiya – Azərbaycan matçı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımızın baş məşqçisi Robert Prosineçki “Uindzor park” stadionunun konfrans zalında təşkil olunan mətbuat konfransında oyunla bağlı fikrini bildirib:

– İlk növbədə hamını salamlayıram. Hər 2 komandanı sabah böyük oyun gözləyir. Bu günə kimi qrupda 3 oyun keçirmişik, məğlub olmamışıq. Bu, futbolçuları oyuna motivasiyasını yüksəldən amildir. Bura vaxt keçirməyə gəlməmişik. Sabah öz oyunumuzu göstərməyə çalışacağıq. Şimali İrlandiya yığması güclü komandadır. Futbolçuların əksəriyyəti İngiltərə komandalarında oynayır. Yığma son Avropa çempionatının iştirakçısıdır. Oyuna yaxşı hazırlaşmışıq. Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik. Yeganə itkimiz Rəşad Sadıqovdur. Dizində zədə alıb. Sabah oynaya bilməyəcək. Qalan 23 futbolçunun hamısı oyuna hazırdır.

– Rəşad Sadıqov hazırda Londondadır. O, bura gələcək, ya Bakıya qayıdacaq?
– Rəşadın zədəsi təzə deyil. Norveçə qarşı oynadı, Çexiyaya yox. PAOK-la ilk oyunda da meydana çıxmadı. Bu gün Londona yola düşdü. Həkim müayinəsindən sonra əməliyyat olunmayacağı aydınlaşdı. Amma 1 ay – 6 həftə müalicə olunacaq.

– Sabahkı start heyətini açıqlaya bilərsiniz?
– 2 ildir ki, buradayam. İndiyə kimi həmişə mətbuat konfransında heyəti açıqlamışam. Bu gün də ənənə pozulmayacaq. Sabah qapını Kamran Ağayev qoruyacaq. Müdafiədə Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Bədavi Hüseynov və Arif Daşdəmirov yer alacaq. Qalan futbolçuların adlarını deyəcəm, amma mövqelərini açıqlamayacam – Qara Qarayev, Emin Mahmudov, Ramil Şeydayev, Əfran İsmayılov və Ruslan Qurbanov.

– Dəniz Yılmazla Ramin Şeydayevi hücumda yoxlamaq pis olmazdı?
– Bu haqda ətraflı danışmaq istəmirəm. Şadam ki, Dəniz buradadır. 2 gündür bizimlədi. Gələcəkdə yığma üçün vacib bir oyunçu olacağına inanıram.Türkiyə Superliqasında çıxış etməsi onun səviyyəsindən xəbər verir. Sabah adı 23 futbolçunun arasında olacaq. Oyunun gedişindən asılı olaraq oynaması mümkündür.

– Millinin qazandığı nəticələr azarkeşlərin komandaya inamını artırıb. Sabahkı oyunda da komandamızdan qələbə gözləmələri sizə əlavə təzyiq yaratmır ki?
– 2 il əvvəl bura gələndə yığmamın potensialının böyük olduğunu və sürprizlər edəcəyimizi demişdim. İndi bütün Avropa bizdən danışır. Sabah məğlub ola bilərik. Amma əsas odur ki, 90 dəqiqədən sonra bir-birimizin gözünə dik baxaq. Komandamdan yaxşı oyun gözləyirəm və ümid edirəm ki, sərfəli nəticə ilə Azərbaycana dönəcəyik. Məğlub olsaq, bunu faciə hesab etməyəcəyik.

– Şimali İrlandiya atletik futbola üstünlük verir. Bizdə isə bu komandamızın zəif cəhətidir. Norveç və Çexiya ilə oyunlarda bunun şahidi olduq. Sabahkı oyunda da bu hal təkrarlanacaq?
– Oyunçuları uzada bilmərəm ki, boyları 2 metr olsun. Əlimdəki materialdan istifadə etməliyəm. Təəssüf ki, Azərbaycanda hündürboylu müdafiəçilər azdır. Ola bilər ki, Norveç və Çexiya ilə oyunlarda ikinci mərtəbədə rəqibdən zəif olduq. Amma başqa keyfiyyətlərimiz var və onlardan istifadə etməyi düşünürük. Komandanın fiziki durumuna gəlincə, futbolçular sübut ediblər ki, fiziki cəhətdən oyuna hazırdılar, hansısa problem yoxdur. Norveçlə oyundan 3 gün sonra Çexiya ilə oynadıq. Həmin oyunun 2-ci hissəsində futbolçular çox işlədilər. Bu, dediklərimin doğru olduğunu sübut edir.

– Emin Mahmudovun oyun praktikası yoxdur. Hansı keyfiyyətlərinə görə Siz ona əsas heyətdə yer verdiniz?
– Emində istədiyim keyfiyyətləri gördüm və ona əsas heyətdə yer verdim. Təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərib. Düzdür, «Boavişta»da oynamır. Amma oyuna tam hazırdır. Bu sual mənə Çexiya ilə oyundan əvvəl Ramil Şeydayevlə bağlı verilmişdi. Ramil sübut etdi ki, seçimimdə yanılmamışam. Emin Mahmudov sabah əsas silahım olacaq. Əgər oyunun gedişində özünü pis göstərsə, təbii ki, əvəzlənəcək. Onun yerinə meydana çıxmağa futbolçularımız var. Bir daha qeyd edirəm, Rəşadı çıxmaq şərtilə qalan 23 futbolçunun hər biri sabahkı oyuna tam hazırdır.

Həmin kateqoriyadan