ROVM-in açıq birinciliyində kimlər fərqlənib?

Respublika olimpiya velosiped məktəbinin trek üzrə açıq birinciliyi keçirilib. Allsport.az saytının məlumatına görə, yarışda klub və cəmiyyətlərin 6 yaş qrupunda 65 idmançısı mübarizə aparıb. 2005-2006-cı il təvəllüdlü qızların 330 metr məsafəyə mübarizəsində ROVM-in üzvü Radxa Şabanova 1-ci yeri tutub. Onun komanda yoldaşı Fatimə Əfqanzadə 2-ci, 7 saylı Olimpiya Məktəbinin təmsilçisi Mədinə Atabalayeva isə 3-cü olub.

Bu yaş kateqoriyasında çıxış edən oğlanlar da 330 metr məsafəyə yarışıblar və fəxri kürsüyə Respublika Olimpiya Velosiped Məktəbinin yetirmələri qalxıblar – Mirsaleh İbadov 1-ci, Əlihüseyn Musazadə 2-ci, Hüseyn Nərimanov 3-cü yeri tutub. 2003-2004-cü il təvəllüdlü oğlan velosipedçilərin 500 metr məsafəyə mübarizəsində ilk üçlüyə Mehran Əhmədzadə, Rəşid Ələkbərov və Natiq Meydərov düşüblər.

Adları çəkilən idmançıların hər üçü ROVM-i təmsil edir. 2001-2003-cü il doğumlu qızlar da 500 metr məsafəyə yürüşdə bacarıqlarını nümayiş etdiriblər və burada da təşkilatçı cəmiyyətin üzvləri mükafata layiq yerlər tutublar – Zəhra Əfqanzadə qızıl, Natəvan Vəliyeva gümüş, Aygün Mahmudlu isə bürünc medal qazanıb. Gənc oğlanların (2000-2002) 1 km məsafəyə mübarizəsində Dövlət Təhlükəsizliyi Xidməti Velosiped klubunun üzvü Əli Qurbanov ən yüksək nəticə göstərib.

2-ci yerə ROVM-in nümayəndəsi Yelmar Şahmarzadə, 3-cü yerə isə 7 saylı Olimpiya Məktəbinin velosipedçisi Əmral Əbdüləzizili layiq görülüb. Və nəhayət, U-23 yaş kateqoriyasında ROVM-dən Ənvər Xamiyev 1-ci, Ayxan Mahmudov isə 2-ci olub. Fərqlənən idmançılar medal, diplom və hədiyyələrlə təltif ediliblər.

Həmin kateqoriyadan