Rövnəq Abdullayev cüdoçularımızla görüşüb

Cüdo federasiyasının prezidenti Rövnəq Abdullayev dünya çempionatı ərəfəsində millinin üzvləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda, öncə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın yığmasında həmkarı Natiq Bağırov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis mundialda layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

Öz növbəsində, Rövnəq Abdullayev dövlət səviyyəsində idmana, o cümlədən cüdoya göstərilən qayğını xüsusi qeyd edib. Deyib ki, dünya çempionatı kimi nüfuzlu yarışın Azərbaycana həvalə olunması bunun bariz nümunəsidir. ACF prezidenti cüdoçulara dünya çempionatında uğurlar arzulayıb.

Görüşdə federasiyanın vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, həmçinin, cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev iştirak edib. Xatırladaq ki, dünya çempionatı sentyabrın 20-27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Həmin kateqoriyadan