Rövnəq Abdullayev: İnanıram ki, Bakıdakı dünya çempionatı unudulmaz bir ana çevriləcək

Beynəlxalq Cüdo Federasiyası icraiyyə komitəsinin iclası olub. Allsport.az saytı xəbər verir ki, “Hilton Baku”da təşkil olunan toplantıda Cüdo federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış edərək bir neçə gündən sonra Bakıda start götürəcək dünya çempionatının Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu ifadə edib:

“İnanıram ki, bu dünya çempionatı istər iştirakçı ölkələrin və idmançıların sayına, istərsə də təşkilati yüksək səviyyəsinə görə cüdo tarixində ilklərə imza ataraq, unudulmaz bir ana çevriləcək. Bir faktı xüsusilə qeyd edim ki, dövlətin idman sahəsinə göstərdiyi yüksək qayğı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bir çox beynəlxalq idman təşkilatları qitə və dünya səviyyəli yarışların keçirilməsini ölkəmizə etimad edib və Azərbaycan yüksək səviyyəli çempionatların keçirilməsi sahəsində böyük təcrübəyə malikdir. Ümid edirəm ki, cüdo üzrə dünya çempionatı da ən yüksək səviyyədə keçiriləcək və icraiyyə komitəsinin üzvləri ölkəmizin qonaqpərvərliyindən məmnun qalacaqlar”.

Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək Bakıda keçiriləcək dünya çempionatında bir çox yeniliklərin olacağını vurğulayıb. BCF rəhbəri icraiyyə komitəsinin yığıncağında gündəlikdə duran məsələlərin vacibliyini qeyd edib. İcraiyyə komitəsinin iclasında dünya çempionatlarında komanda yarışları, olimpiya hazırlığı və gənclər olimpiya oyunları, məşqçilərlə bağlı yeni qaydalar, təlim və məşq məsələləri, uzun müddətli təqvim və digər idman məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Həmin kateqoriyadan