Ruslan Fomin: “Qəbələ”də başıma gələnlərdən sonra pul mənə qətiyyən maraqlı deyil

“Qəbələ”nin keçmiş üzvü Ruslan Fomin ölkəsinin mətbuatına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, Ukraynalı futbolçu Azərbaycandakı çıxış barəsində də danışıb.
– “Çernomorets”dən “Qəbələ”yə gedəndə buna məcbur olduğunuzu demişdiniz…
– Odessada ciddi maliyyə problemləri var idi və mənə təklif gəldi. Roman Qriqorçukun köməkçisi zəng edərək, “Bizimlə getməyə hazırsan” deyə soruşdu. Mən isə heç nə düşünmədən razılaşdım və məşqçinin arxasınca yollandım.
– Belə təsəvvür yaranır ki, oyunçular Şərqə ya qazanmaq, ya da artıq karyeralarını bitirmək üçün gedirlər…
– Karyeram haqqında belə bir düşüncəm yox idi. Maddi məsələlərə gəlincə isə, orada fantastik müqavilələr yox idi. Əmək haqqı “Çernomorets”dən bir az yüksək idi, amma çox da yox.
– “Qəbələ” Azərbaycanın ən varlı klublarından biridir…
– Ən varlısı idi. Ancaq bizim məsələn, Yuri Syominin vaxtında olduğu kimi yaxşı maaşımız yox idi, demək olar ki, iki dəfə azaldılmışdı.
– Niyə “Qəbələ”də uzun müddət qalmadın?
– Mən də özümə bu sualı vermişəm. Məşqçini də, onun məndən tələblərini də başa düşürdüm, ağır idi. Vəziyyətin dəyişməsi çox hiss olunurdu. Azərbaycanda hər şey çox fərqlidir. İnsanlar, din… Mənə qarşı olan münasibət xoşuma gəlmirdi. Komandaya məşqçi ilə birlikdə gəldiyimiz üçün üzərimizdə təzyiq var idi.
– Sizə başqa cür yanaşırdılar?
– Demək olar ki, bizimlə danışmırdılar. Əsasən, “Çernomorets”in köhnə futbolçuları birlikdə olurduq. Ümumiyyətlə, kollektivdə bizimlə xüsusi danışan yox idi. Əvvəlcə uğursuzluqlar oldu. Nəticələr heç də yaxşı deyildi. Bu da bizə çox təsir etdi. Mətbuat əsasən də Qriqorçukun gətirdiyi futbolçulara güclü təzyiq göstərirdi. Belə çıxırdı ki, sanki biz dördümüz (Fomin, Bezotosnı, Qay, Sivakov) bütün komandaları yenməliyik. Mənə orada həqiqətən çox çətin idi. Otel və futbol meydançalarından başqa heç nə yox idi. Sonradan düşündüm ki, gərək hər şeyə rəğmən, “Çernomorets”də qalardım.
– Ukrayna üçün darıxdınızı deyirsiniz, ancaq “Qəbələ”dən ayrıldıqdan sonra Qazaxıstana üz tutdunuz…
– Ukraynada oynamaq üçün variantlar axtarsam da, xüsusi nəsə tapmadım. Belə olan halda “Qəbələ”dən də əvvəl məni istəyən “Atırau”ya üz tutdum. Orda məni narahat edən nəsə yox idi, ancaq vətənə dönməyi çox istəyirdim.
– Bir daha xarici klublara getməyəcəksən?
– “Heç vaxt, heç vaxt demə”. Bilmək olmaz.
– Sizin üçün hansı əsasdı – pul, ya futbol?
– Təbii ki, futbol. Azərbaycanda olandan sonra mənə pul qətiyyən maraqlı deyil (futbolinfo.az).

 

Həmin kateqoriyadan