“Səbail”dən tarixi qələbə

Topaz premyer liqasının 11-ci turunun “Sabah” – “Səbail” oyunu hər 2 klubun tarixinə düşüb. Allsport.az saytı xəbər verir ki, 4:0 hesabı ilə qalib gələn qonaqlar özünün TPL-də ən böyükhesablı qələbəsini qazanıb. Bu, “Səbail”in ümumiyyətlə ilk böyükhesablı qalibiyyətidir. Premyer liqada ötən mövsüm debüt edən “Səbail” əvvəlki 38 matçda 2-dən artıq top fərqilə qalib gəlməmişdi.

Əvvəlki 11 qələbədən 2-si texniki nəticə, 8-i bir, 1-i isə iki top fərqilə qeydə alınmışdı. Cari mövsümün 7-ci turunun “Sumqayıt”la oktyabrın 5-dəki görüşdə rəqibi 2 cavabsız qolla məğlub edən Aftandil Hacıyevin yetirmələri ilk dəfə üç xalı 1-dən çox fərqlə qazanmışdı. “Əlincə arena”dakı görüşdə isə həmin göstərici ikiqat üstələnib.

Bu oyun “Səbail”in ən çox qol vurduğu premyer liqa matçıdır. Paytaxt təmsilçisinin əvvəlki rekordu ötən mövsümdə qeydə alınmışdı. 2017-ci il noyabrın 18-də “Kəpəz”lə səfər qarşılaşmasında 3 qol vuran qonaqlar 3:2 hesabı ilə qalib gəlmişdi. 11-ci turun oyunundakı məğlubiyyət “Sabah”ın ölkə çempionatında ən böyük hesablı yenilgisidir. Bunadək bir dəfə ağır məğlubiyyət alan Elşad Əhmədovun komandası 2-ci turda “kimyaçılar”a 1:4 hesabı ilə uduzmuşdu.

Həmin kateqoriyadan