“Sədri-əzəm”in qohumları Qurban Qurbanova qarşı hücuma keçdi – 2 cəbhədə savaş dərinləşir

Milli komandanın son uğursuzluğu aranı qarışdırıb. Azarkeşlərin narazılığı bir yana, artıq cavabdeh şəxslər arasında da “müharibə” şiddətlənib. İndi AFFA-nın baş katibi Elxan Məmmədovla milli komandanın baş məşqçisi Qurban Qurbanovun xoş olmayan münasibətləri üzə çıxır. Əslində, bu, çoxdan bəlli idi və yalnız indi tərəflər açıq mübarizəyə başlayıb. Mütəxəssis hələlik heç bir addım atmır. Həmişə xoşniyyətli olan və təmkinini qoruyan məşqçi sakit dayanıb, hücumlara heç bir reaksiya vermir. O, hətta olanı da demir, illərdi AFFA rəhbərliyinin heç bir iş görmədiyini, bu üzdən kadr ehtiyatının yetərsiz olduğunu qabartmır. Bununla rəhbərliyi pis vəziyyətdə qoymaq, onları ifşa etmək istəməyən Qurbanov zərbələrə sinə gərir.
Qurban bəyi heç vaxt xoşlamayan, yalnız yuxarı səviyyədə göstəriş və təyinat olduğu üçün onunla işləməyə razılaşmış Elxan Məmmədov isə hücumdadı. Zahirdə özünü dost kimi göstərsə də, əslində, pərdə altında oyunlar çevirir.

Məmmədov 12 ildi işlədiyi AFFA-da inkişafa yönəlik heç bir iş görməyib. Qurbanov isə “Qarabağ” rəhbərliyi ilə birləşib, son 5 ildə xəyal etdiyimiz nəticələri qazanıb. Düzgün işin yaxşı nəticəyə səbəb olmasının isbatı baş katibi daha çox narahat edir. 5 ildi “Qarabağ”ın avrokuboklarda daim qruplarda olmasına rəğmən, AFFA bir addım da irəli atmayıb, klub futbolundakı uğurun kölgəsində daldalanıb.
Ölkə rəhbərliyinin bu nəticələri görməsindən, Qurbanovun milliyə də rəhbərlik etməsini məsləhət bilməsindən sonra isə baş katib daha çox narahatdı. O, Qurban bəyin də uğursuz kimi qovulmasını istəyir. Belədə öz səriştəsizliyi aşkara çıxmaz və milli komanda səviyyəsində uğurun mümkünsüzlüyü fikri hakim kəsilər. Bu səbəbdən əlindən çıxmaq üzrə olan milli komandaların məşqçilərini qaralama kampaniyası start götürüb.

Məmmədov hər nə qədər bu məsələdən kənar olduğunu desə də, faktlar fərqli mətləblərdən xəbər verir. Milli komanda ilə daim səfərlərə aparılan bəzi mətbuat orqanlarının davamlı, birmənalı tənqidləri səbəbsiz deyil. Məmmədovun istəyi ilə müstəqil medianın kənarda tutulması, yalnız bir neçə jurnalistin daim səfərlərə aparılmasının məqsədi indi üzə çıxır. Məhz onlar baş katibi yox, məşqçiləri günahkar bilir, ancaq onları tənqid edirlər. Maraqlıdı ki, tənqidçilər arasında “Sabah”ın müşahidə şurasının üzvü Rəhman Hacıyev də var. Halbuki onun AFFA hesabına səfərə çıxması, ümumiyyətlə, absurddu.

Sosial şəbəkədə ən maraqlı paylaşım isə Ayaz Əhmədova məxsusdu. Elxan Məmmədovun bibisi oğlu olduğu deyilən (qohum olduqları dəqiqdi – red.) bu şəxs mini futbol liqasının rəhbəridi və AFFA-nın marketinq sahəsində bir çox işlərin icraçısıdı. Məhz o, baş katibin açıq deyə bilmədiklərini sosial şəbəkədə dilə gətirib. Qohumunu müdafiə edərək, Qurbanovu istefaya səsləyən bu şəxs yəqin ki, dost məclislərinin yekun qərarını paylaşır.
Paylaşımda bir nəfərin “Not Gurban, Elxan Məmmədov out” şərhindən sonra Əhmədov qəzəblənib. O, baş katibi müdafiə edərək bu futbolçuları məşqçinin bir araya gətirdiyini vurğulayıb, hətta milli üzvlərini təhqir edib. Lakin yazmayıb ki, illərdi səviyyəli futbolçular yetişməyibsə, bunun günahkarı papağını günə verən, Məmmədov olub. Baxmayaraq ki, hər cür səlahiyyətə sahibdi və faktiki ölkə futbolunun idarəçisidi.

Statusu bəyənənlər arasında AFFA-da departament rəhbəri olan Kamran Vəliyevin, şərh yazanlar içində “Neftçi”nin müşahidə şurasının üzvü Zaur Qəhrəmanovun olması faktı da bu insanları baş katibin başçılığı altında birləşməsinin göstəricisidi. Məmmədovun dost-tanışdan, qohumlardan formalaşdırdığı, AFFA büdcəsini talamaqla məşğul olan dəstə indi də ölkə rəhbərliyinin təşəbbüsü ilə təyin olunan məşqçiyə qarşı təbliğala məşğuldular.
Furbolimuzun “sədri-əzəmi” gözəl anlayır ki, Qurbanovu indi istefaya göndərə bilməsə, 6 illik müqavilə davam edəcək və qarşıda onun təkbaşına hakimiyyəti zəifləyəcək. Bu səbəbdən təzyiqi davam etdirir.

Ciddi araşdırılsa, millinin son oyununda Dmitri Nazarov, Pavel Paşayev və Rüfət Dadaşovdan ibarət legioner üçlüyünün zəif oynamasının da səbəbi tapılar. Bütün qollarda birbaşa günahı olan Pavel, varlığı ilə yoxluğu bilinməyən Rüfət, top itkiləri, oyun intizamını pozması ilə yadda qalan Dmitri yığmaya Məmmədovun dostları tərəfindən gətirilib və onların menecerləri də katibin dostlarıdı. İddia etmirik, amma mümkündü ki, onlara da hansısa tapşırıq verilib və zəif oynamalarının onların milli karyerasına zərər vurmayacağı, gedənin yalnız məşqçi olması barədə zəmanət verilib. AFFA icraiyyə komitəsinin yaxın günlərdə baş tutacaq iclasında bu məsələlərə də diqqət yetirilsə, pis olmaz (Futbolinfo.az).

Həmin kateqoriyadan