Şəfəq Hüseynli: “Əsas məqsədimiz idmanımızı müdafiə etməkdir”

“Antidopinq Konvensiyası”na üzv olan Azərbaycan WADA ilə sıx əməkdaşlığa başlayıb. Allsport.az saytı xəbər verir ki, bu məqsədlə ölkəmizdə Azərbaycan Milli Antidopinq Agentliyi yaranıb. Fevralın 23-də MOK-da AMADA-nın direktoru Şəfəq Hüseynli KİV-lə görüşüb. Onun sözünə görə, ayın 17-də Beynəlxalq Antidopinq Agentliydən Azərbaycanın antidopinq standartlarına uyğun olmayan ölkələr siyahısından çıxarılması ilə bağlı məktub aldıq:

“Artıq çətinlik arxada qalıb, yeni yolun başlanğıcındayıq. WADA bizi dünyanın ən müasir strukturlarından biri kimi tanıdı. Hazırda fəaliyyət istiqamətimiz idmançıları dopinq testindən keçirmək, maarifləndirməkdir. Məşqçi və həkim heyətini də savadlandırmaq istiqamətində işlər görüləcək. Əsas məqsədimiz idmanımızı müdafiə etməkdir. Bu il milli proqram sayəsində 435 test keçirmək nəzərdə tutulub.

Ağırlıqqaldırma, güləş, boks kimi növlər ekstrimal risk qrupuna daxildir. Bu üzdən ora diqqətimiz çox olacaq. AMADA-nın tərkibində Terapevtik İstifadəyə Nəzarət Komitəsi, İntizam Komitəsi və Apellyasiya Komitəsinin yaradılacaq. Qurumun fəaliyyətinə 5 nəfərlik müşahidə şurası rəhbərlik edəcək”.

Həmin kateqoriyadan