Şəfəq Hüseynli Avropa Şurasının işçi qrupunun sədr müavini seçilib

Milli antidopinq agentliyinin direktoru Şəfəq Hüseynli Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi işçi qrupunun sədr müavini seçilib. Allsport.az saytı xəbər verir ki, bu qərar Buxarestdə keçirilən Avropa Şurasının antidopinq konvensiyası üzrə monitorinq qrupunun 50-ci iclasında qəbul edilib.

“İnsan hüquqları və idmançılar” qrupunun tərkibinə sədr, sədr müavini və 8 ölkələrin nümayəndələrindən ibarət üzvlər daxildir. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər Avropa Şurası təşkilatlarının nümayəndələri də daxil ediləcəkdir. Əlavə olaraq, Avropa İttifaqı, YUNESKO və WADA qurumları müşahidəçi qismində öz nümayəndələrini təyin edəcəkdir. Qrupun əsas məqsədi antidopinq qaydalarının tətbiqi zamanı idmançıların hüquqlarının effektiv təmin edilməsi, onların ədalət mühakiməsinə maneəsiz çıxışı, insan hüquqlarının idmanda dopinqə qarşı mübarizədə qorunması və bu sahədə digər sənədlərin və təkliflərin hazırlanmasıdır.

Həmçinin Şəfəq Hüseynli WADA üzrə CAHAMA 46-cı iclasında da iştirak edib. Bu görüşdə müzakirə edilən əsas məsələlərdən biri mayın 14-də Monreal şəhərində keçiriləcək WADA-nın növbəti prezident seçkisinə hazırlıq olub.

Avropa Şurasının antidopinq konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.

Həmin kateqoriyadan