Şəfəq Hüseynli WADA-nın məşvərət qrupunun toplantısında nələri müzakirə edib?

Monrealda ümumdünya antidopinq agentliyinin milli antidopinq təşkilatları üzrə məşvərət qrupunun dünya üzrə milli antidopinq təşkilatları üçün maraq kəsb edən məsələlərə aid iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, AMADA-nın rəhbəri Şəfəq Hüseynli daxil olmaqla, dünyanın müxtəlif ölkələrini təmsil edən, dopinqlə mübarizə sahəsində tanınmış 10 ekspertdən ibarət qrup qlobal antidopinq ictimaiyyəti daxilində milli antidopinq təşkilatlarına dair WADA rəhbərliyinə ekspert məsləhəti və dəstək vermək məqsədilə yaradılıb.

Məşvərət qrupunun toplantısının nəticələri WADA rəhbərliyi tərəfindən mayın 16-da beynəlxalq qurumun Təsisçilər Şurasına təqdim ediləcək. Lakin qrupun keçirdiyi müzakirələrin bəzi əsas nəticələri bu yaxınlarda mətbuata açıqlanıb. Qrup təmiz idmanın müdafiəsi naminə idmançılarla işin daha da təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb və milli antidopinq təşkilatları icmasını idmançıları dopinqlə mübarizəyə necə ən yaxşı cəlb etmək yollarını nəzərdən keçirməyə və müəyyən etməyə çağırıb. Qrup, həmçinin növbəti iclasda müzakirə edilmək məqsədilə milli antidopinq agentlikləri tərəfindən idmançılarla əməkdaşlığına dair müzakirə üçün sənəd hazırlayacaq.

Qrup WADA-nın ümumdünya antidopinq məcəlləsinə riayətin monitorinqi üzrə indiyə qədər gördüyü işi yüksək qiymətləndirib və riayətin monitorinqi proqramının bütün antidopinq təşkilatları üçün məcburi tələblərin gücləndirilməsi daxil olmaqla, WADA-nı indiyədək öyrənilmiş dərsləri icmal etməyə, proqramı qiymətləndirməyə və tələb olunduqca təkmilləşdirməyə sövq edən həlledici rolunu vurğulayıb.

Məşvərət qrupu, həmçinin 2021-ci il üçün antidopinq məcəlləsi və beynəlxalq standartların icmalı üzərində işin gedişi və irəliləyiş münasibətilə WADA-nı və məcəllənin tərtibatı üzərində işləyən qrupu təbrik edib, məcəllə və beynəlxalq standartlara təklif edilən dəyişikliklərin qlobal antidopinq proqramının təkmilləşdirilməsində böyük rol oynayacağına inamını bildirib.

Əlavə olaraq, qrup üzvləri antidopinq proqramının inkişafının WADA və antidopinq ictimaiyyəti üçün əsas prioritet kimi əhəmiyyətini vurğulayıb və milli antidopinq təşkilatlarını qlobal miqyasda bir-birinə zəruri struktur və proqramların yaradılmasında yardımçı olmağa çağırıb.

Qrup inanır ki, milli antidopinq təşkilatlarının heç bir kənar təsir və ya təzyiq olmadan məcəllə və beynəlxalq standartlara uyğun müstəqil qərar qəbul etmək qabiliyyəti həlledici məsələdir. Milli antidopinq təşkilatları daxil olmaqla, bütün antidopinq təşkilatlarının əməliyyat müstəqilliyi zəruri şərtdir, daha geniş müstəqillik isə can atılmalı bir məqsəd olmalıdır.

Həmin kateqoriyadan