Roman Qriqorçuk: Səfərdə “Neftçi”yə eyni hesabla və daha böyük fərqlə qalib gələ bilərik

Azərbaycan kubokunun 1/2 finalının ilk oyunu çərçivəsində “Qəbələ” evdə “Neftçi” komandasına 1:2 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı bunu deyib:

“Nəticə istədiyimiz kimi olmadı. Digər tərəfdən isə bunda kritik bir şey görmürəm. Futbolçulara da irad bildirmək üçün əsas yoxdur. Adətən oyunçulara çalışqanlıq göstərmədikdə, motivasiyalı olmadıqda, bütün qüvvələrini meydanda qoymadıqda irad bildirirəm. Amma bu baxımdan – futbola yanaşmada “Neftçi” ilə görüşdə hər şey çox yaxşı idi.

Futbolçularda cari mövsümün heç bir oyununda olmadığı qədər motivasiya gördüm. Futbola yanaşma ideal səviyyədə idi. Amma bütün bunlar qol və nəticədə də əksini tapmalıdır. Oyunu çox yaxşı başladıq. Təəssüf ki, yaratdığımız imkanlardan istifadə edə bilmədik. Əminəm ki, oyun tam fərqli gedə bilərdi. Bizim üçün asan, rəqib üçün çətin olardı. Ancaq ən pis ssenari alındı. Böyük üstünlüyə malik idik, rəqib qapısı önündə kəsərli oynayırdıq.

Biz vura bilmədik və rəqibə qol hədiyyə etdik. Hücumçu qol şansını qaçırırsa, gənc oyunçu topu rəqibə ötürürsə və qol buraxırıqsa, buna görə onları qınamaq olmaz. Stadiondakı əla ab-hava üçün azarkeşlərə təşəkkür edirəm. Cavab oyunu öncəsi təmkinliyəm. Evdə 1:2 hesabı ilə uduzmuşuq. Səfərdə eyni hesabla və daha böyük fərqlə qalib gələ bilərik. İlk oyundakı kimi çalışmalıyıq və ustalığımız daha yüksək olmalıdır ki, ən azı 2 qol vuraq”.

Həmin kateqoriyadan