Şəhriyar Məmmədyarov: Bura asudə vaxtda əylənmək üçün nərd gətirmişəm

Milli komandamızın üzvü Şəhriyar Məmmədyarov “Shamkir Chess 2018” superturnirində imkanları dəyərləndirdi. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz norveçli Maqnuc Karlseni yarışın əsas öncülü saydı:

“Bura asudə vaxtda əylənmək üçün nərd gətirmişəm. Bu yarışa Vladimir Feyodeseyevlə hazırlaşmışam. Ancaq onunla nə vaxtdan işlədiyimi deyə bilmərəm. Bu biznes sirridi. Karlsen dünyanın ən güclü şahmatçısı olduğunu dəfələrlə sübut edib. İki dəfə Şəmkirdə qalib gəlib. Mən isə onun iştirak etmədiyi yarışlarda 2 titula yiyələnmişəm.

Təəssüf ki, bu dəfə gəlib. Bunu ingiliscəyə tərcümə etməyin (gülür). Onu burda yenidən görmək xoşdu. Əsas favorit sözsüz ki, Maqnusdu. İddiaçılar Turnirində çıxış edərkən Azərbaycandan inanılmaz dəstək gördüm. Sosial şəbəkələrdə yazırdılar, dəstək verirdilər. Fikirləşirəm ki, ordakı çıxışım ölkədə şahmatın populyarlaşmasına daha da kömək oldu. Yalnız Almaniyada yaşayan soydaşlarımdan yetərincə dəstək almadım.

Narazılığım sadəcə, buna idi. Dinq Lirenə uduzduğum üçün ona acıqlı deyiləm. Ona qalsa gərək burdakı bütün şahmatçılara kin saxlayam. Çünki hamısına müxtəlif vaxtlarda uduzmuşam. Bəli, bu, həyatımın ən ağır məğlubiyyətlərindən biri oldu. Ancaq tez toparlandım və ertəsi gün Aleksandr Qrişuka qalib gəldim. İddiaçılar Turnirindən sonra Rusiya və Gürcüstanda oldum. Hərdən müvəqqəti şahmatdan uzaqlaşmaq lazımdı”.

Həmin kateqoriyadan