Səmti müəyyən edənlər açıq ölkə çempionatında bir araya gəldilər

Şabran rayonunun Qalaaltı və Xaçmaz rayonunun Nabran meşə zolaqlarında səmti müəyyən etmə üzrə açıq respublika çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, idman cəmiyyətləri, ali təhsil müəssisələrini təmsil edən 14 komandanın 250 idmançısı mübarizə aparıblar.

İştirakçılar elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil edilən çempionatda “Elit”, “Open” və “Junior” kateqoriyaları üzrə orta və uzun məsafədə yarışıblar.

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi birinciliyə yerli təmsilçilərlə yanaşı, Türkiyə, Ukrayna, Latviya və Gürcüstandan olan idmançılar da qatılıblar.

Yarış idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilib.

Gərgin keçən mübarizədən sonra həm komanda hesabında, həm də fərdi yarışlarda qaliblərin adları müəyyənləşib. “Neftçi” idman klubunun üzvləri komanda hesabında açıq respublika çempionatının kubokunu qazanıb.

Qalib idmançılara və komandalara medal və diplomlar təqdim olunub.

Mükafatlandırma mərasimində qeyd olunub ki, bu kimi yarışlar səmti müəyyən etmənin ölkəmizdə kütləvi idman növü kimi tanınması, sağlam həyat tərzi və ətraf mühitə qayğı ilə yanaşmanın təbliği üçün keçirilir. Bununla yanaşı, turnir ölkənin səmti müəyyən etmə idman növü üzrə milli yığma komandası üçün idmançıların üzə çıxarılması baxımından da böyük əhəmiyyətə malikdir.

Həmin kateqoriyadan