Sənan Qurbanov: 2-ci görüşdə daha güclü “Qarabağ”a qarşı oynamalı olacağıq

“Qəbələ” – “Qarabağ” arasında Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun fikri ilə tanış edir:

“Zirə” ilə çempionatın ağır ev oyunundan sonra futbolçular bərpa dövrü keçdilər. Kubokda “Qarabağ” kimi güclü rəqibə qarşı oynayacağımızı bilirdik. Komanda həm hücumda, həm müdafiədə tapşırıqları yerinə yetirdi. “Qarabağ”la görüşdə taktiki səhv edirsənsə, rəqib yerində cəzalandırır. Son oyunları təhlil etmişdik.

Çempionatda keçirdiyimiz görüşlərdə məğlub olmuşduq. Buna balaca konsentrasiya itkisi səbəb olmuşdu. Futbolçular məsuliyyətlə dərk etdilər. Bu, sadəcə olaraq ilk oyun idi. İkinci görüşdə daha güclü “Qarabağ”a qarşı oynamalı olacağıq. Ona görə də mərhələ adlamaq üçün bugünkündən daha yüksək səviyyədə oynamalıyıq.

Çempionatın bütün matçlarında “Qarabağ”a uduzmağımız futbolçulara pis təsir etmişdi. Amma istər-istəməz oyunçularda uduzmamaq iradəsi yaranır. Həmin görüşləri təhlil etdik və çalışdıq ki, eyni səhvləri təkrarlamayaq. Futbolçular taktiki olaraq düzgün oynadılar. Bu, hələ başlanğıcdır. Bilirik ki, ikinci qarşılaşmada daha çətin olacaq”. 

Həmin kateqoriyadan