Sənan Qurbanov: Dörd gündən bir oynamaq bir az yorğunluq yaradıb

Premyer liqanın 27-ci turunun “Qəbələ” – “Neftçi” oyunundan (1:3) sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda ev sahibi komandanın baş məşqçisi Sənan Qurbanovun bunu deyib:

“Son ev oyunumuz idi. Qalib gəlmək, son turadək mübarizə aparmaq istəyirdik. Amma alınmadı. Dörd gündən bir oynamaq bir az yorğunluq yaratmışdı. Bir neçə futbolçuya istirahət vermişdik. İlk yarıda durğun olsaq da, qol imkanı da yaratdıq. Biz imkanı qaçırsaq da, “Neftçi” hesabı açdı.

Futbol belədir. İkinci hissədə dəyişikliklər etdik. Oyunun axarını dəyişmək istəyirdik. Futbolçular pis təsir bağışlamadı. İrəli baxmaq lazımdır. Məğlubiyyət həmişə pisdir. Çalışacağıq ki, son oyunda bu səhvləri etməyək. Kubokun finalına yüksəlmişik, futbolçular böyük iş görüblər. Bizə pozitivlik lazımdır.

Futbolçulara sonadək mübarizə aparmağı aşılamağa çalışmışdıq. Amma zədələrdən ehtiyatlanırdıq. Bəhlul Mustafazadənin ayağında ağrılar olduğu üçün əvəzləndi. Bizə sağlam, tapşırığı yerinə yetirən futbolçular lazımdır. Çalışacağıq ki, “Sumqayıt”la həm son turun, həm də kubokun oyununa eyni heyətlə çıxaq”. 

Həmin kateqoriyadan