Sənan Qurbanov: Fiziki hazır olduğumuzu deyə bilmərik

“Qəbələ” Sloveniya təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Albaniyanın “Kukesi” klubu ilə matçdan (1:1) sonra baş məşqçi Sənan Qurbanov bunu deyib:

“Kukesi” yetərincə ciddi rəqib idi. Məlumat toplamaq üçün yaxşı qarşılaşma oldu. Matçdan öncə yaxşı məlumat yığacağımıza ümid edirdik. Sloveniya toplanışına 3 gün öncə başladığımızı nəzərə alsaq, bu oyundan, xüsusilə də ikinci hissədən razı qaldım.

Fiziki hazır olduğumuzu deyə bilmərik. Buna görə də elə oyun üslubu seçmişdik ki, futbolçularımız az qaçsınlar, topla davransınlar, sıx oynasınlar. “Kukesi” ilə qarşılaşmada oyunçuların buna cəhd etdiklərini gördüm. Demək olar ki, futbolçular düz yoldadı. Matçdan istədiklərimi ala bildim.

Oyunu təhlil edəcəyik. Toplanışa onun üçün gəlmişik ki, səhvlərimizin üzərində işləyək. Futbolçulardan oyunlar zamanı aldıqlarımızı daha da çoxaltmaq istəyirik”.

Həmin kateqoriyadan