Sənan Qurbanov: “Gənc hakimlərə bir az diqqətli olmağı tövsiyə edirəm”

Topaz premyer liqasının 19-cu turunun “Zirə” – “Qəbələ” oyunundan (1:1) sonra qonaq baş məşqçi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 39 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Çempionatda növbəti oyunumuzu keçirdik. Bundan əvvəl evdə xal itirmişdik. Daha doğrusu qələbə qazanmışdıq, təmiz qolumuz qeydə alınmamışdı. Gənc hakimlərə bir az diqqətli olmağı tövsiyə edirəm. Futbolçuların zəhmətini yerə vurmaq olmaz. Balaca səhv bizi ev oyununda üç xaldan məhrum etdi.

Çətin Zirə səfərində qələbə qazanmaq istəyirdik. Futbolçular mübarizə apardılar. Bəzən çox müdafiə olunursan. Rəqib öz oyunu ilə buna məcbur edir. Bu gün də belə görüşlərdən idi. Mübarizəli oyun oldu. Sonda buraxdığımız qol xal itkisi ilə nəticələndi. Gənc futbolçulara həm müdafiə, həm hücumda güvənirik. Müəyyən vaxt keçdikcə onlardan da həmin keyfiyyəti istəyəcəyik.

Rauf Əliyevin meydana çıxmaması taktiki gedişlərlə bağlı idi. Davit Volkovi kiçik zədə səbəbindən iki məşqi buraxdığından əsas heyətdə deyildi. Vojislav Stankoviç iki gün öncə məşqdə xəsarət alıb. O, hələ həkim nəzarətində olmalıdır. “Zirə” yetərincə yaxşı komandadır. Oyun üslublarında da inkişaf görünür. Qarşıda oyunlarımız çoxdur. İtirilən xalları kompensasiya etməyə vaxtımız olacaq”.

Həmin kateqoriyadan