Sənan Qurbanov: Komanda fiziki və psixoloji cəhətdən tam hazırdır

“Qəbələ” Antalya təlim-məşqi çərçivəsində sonuncu yoxlama oyununda Macarıstanın MTK klubuna qarşı oynayıb. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsi ilə başa çatan matçdan sonra, baş məşqçi Sənan Qurbanov fikrini açıqlayıb:

“Əlverişsiz hava şəraitinə görə oyunun təxirə düşməsindən ehtiyatlanırdıq. Bundan əvvəl keçirilməli olan “Fakel”lə matç baş tutmamışdı. Belə olması planlarımıza daxil deyildi. Sevindirici haldır ki, qarşılaşma baş tutdu. Futbolçuların verilən tapşırığı maksimum yerinə yetirməyə çalışması da sevindirici məqamdır. Hərçənd oyunun keçirilməmək ehtimalı onların konsentrasiyasına təsir etmişdi. Baş tutan oyundan tam razı qala bilərik. Bütün futbolçulara da şans verdik. Yaxşı oyun alındı. Artıq qarşıdakı görüşə hazırlaşacağıq”.

Mütəxəssis mövsümün 2-ci yarısına hazırlığı da dəyərləndirib: “Bakıda bir həftəlik proqramı yerinə yetirdik. Razı qaldığımı deyə bilərəm. Antalyada isə iki həftəlik proqram üzrə çalışdıq. “Fakel”lə baş tutmayan oyunu çıxmaq şərtilə həm Bakı, həm Antalyadakı toplanış bizim üçün əlverişli oldu, bundan yaxşı faydalandıq. Ən əsası isə toplanışı zədəsiz başa vurduq. Ayın 3-də başlayacağımız mövsümün ikinci yarısına tam heyətlə hazırlaşa biləcəyik. Komanda fiziki və psixoloji cəhətdən tam hazırdır”.

Həmin kateqoriyadan