Sənan Qurbanov: Oyunun sonlarında “Dinamo”nun sürəti həlledici rol oynadı

“Qəbələ” Sloveniyada keçirilən təlim-məşq toplanışında Zaqreb “Dinamo”su ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Sənan Qurbanov Xorvatiya klubuna 0:2 məğlubiyyətinə belə şərh verib:

“Bu gün daha sürətli oyun izlədik. Zaqreb “Dinamo”su ilə qarşılaşma bizim üçün yaxşı rəqabət oldu. Belə rəqibə, sürətli komandaya qarşı oynamaq çox faydalıdır. Çünki hansı rəqibə qarşı necə oynamaq lazım olduğunu görürük. Avropa liqasında da belə komandalarla qarşılaşmışıq. Futbolçular da belə matçlara necə yanaşmaq, necə məşq etmək lazım gəldiyini bilirdilər. Belə rəqiblərlə oynamaq bizim üçün müsbət haldır.

“Dinamo” oyunu 2 heyətlə keçirdi. Futbolçularımız 90 dəqiqə rəqibə qarşı düzgün mübarizə apardı. Hesabda geri düşdükdən sonra da futbolçular matçda dönüş yaratmaq üçün çalışdılar, sonadək oyun intizamını pozmadılar. Düzgün mübarizə apardılar. Amma oyunun sonlarında rəqibin sürəti həlledici rol oynadı. “Proqres”lə iyulun 12-də keçiriləcək matçadək komandamızın yaxşı forma yığacağını düşünürəm”.

Həmin kateqoriyadan