Sənan Qurbanov: Qış fasiləsində heyəti daha gücləndirmək istəyirik

Topaz premyer liqasının 14-cü turunun “Səbail” – “Qəbələ” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 38 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Qələbə qazanmaq istəyirdik. Bunun üçün bəzi taktiki gedişləri gerçəkləşdirməli idik. Belə gedişlərin üzərində həm məşqlərdə, həm nəzəri hazırlıq zamanı çox çalışmışdıq. Oyundan razı qaldım. Həmin elementləri meydançada reallaşdırsaq da, qol imkanlarından yararlana bilmədik. Rəqibin də fərqlənmək şansları oldu.

Bu da normal haldır. Biz daha çox qələbə qazanmaq istəyirdik ki, xal fərqi böyüməsin. Nəticə qane etməsə də, oyun ümid verdi. Sevindiricidir ki, rəqibin analizinə əsasən verilən tapşırıqları futbolçular düzgün başa düşüb yerinə yetirdi. Qol imkanlarımız da bunlara əsasən yarandı. Təəssüflər olsun ki, həmin epizodları qola çevirə bilmədik. Qarşıda mövsümün ikinci yarısı var.

Bu, bizim ilk yarıda son oyunumuz idi. İnanıram ki, “Qəbələ” qış fasiləsindən sonra qələbələri sıralayacaq. Bunu əminliklə deyə bilərəm. Qış fasiləsində komandadan heç kimi göndərmək fikrimiz yoxdur. Bu kollektivi daha  möhkəmləndirmək istəyirik. Ola bilər ki, heyətə yeni oyunçular cəlb olunsun”.

Həmin kateqoriyadan