Sərbəst güləş millimiz dünya kubokuna güclü heyətlə yollanır

7-8 apreldə ABŞ-ın Ayova ştanının eyni adlı şəhərində sərbəst güləş üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün Güləş Olimpiya Mərkəzində AGF-nin 1-ci vitse-prezidenti Firdovsi Umudovun iştirakı ilə okeanın o tayına yollanacaq millinin heyəti açıqlanıb.

Komandada Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi – 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbəy Alborov (92 kq), Roman Bəkirov, Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) yer alıblar. Eyni zamanda, yığma komandanın baş məşqçisi olan Firdovsi Umudova Zəlimxan Hüseynovla Arif Abdullayev kömək edəcəklər.

Qeyd edək ki, yığmamız “B” qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Kuba, Qazaxıstan və Rusiya olacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə “A”-da çıxış edəcəklər. Şimal qonşularımıza viza verilmədiyindən, İran yarışa qatılmaqdan imtina etdiyindən, onları Monqolustan və Hindistan əvəzləyəcək. Məsələ tam yekunlaşdıqdan sonra asiyalılar 4-cü komanda kimi püşklə qruplara salınacaq.

Ötən il eyni rəqabətdə millimiz 3-cü olub. Buna qədər, sərbəst güləşçilərimiz 2 dəfə – 2004 və 2009-cu illərdə dünya kubokunun sahib çıxıblar.

Həmin kateqoriyadan