Şaban Donat: İndi taktiki-texniki çalışmalara üstünlük veririk

Yunan-Roma güləşi üzrə yığma Göygöl olimpiya idman kompleksində təlim-məşqi davam etdirir. Allsport.az saytı xəbər verir ki, hazırlıq ayın 15-dək davam edəcək. Baş məşqçi Şaban Donat toplanışla bağlı açıqlama verib:

“Hazırlıqlar plan üzrə gedir. Göygöldə keçirdiyimiz bundan öncəki təlim-məşq toplanışında fiziki hazırlığa daha çox diqqət ayırmışdıq. İndi taktiki-texniki çalışmalara üstünlük veririk. Ancaq yalnız zalda yox, açıq havada da məşqlərimiz olur. Komandada vəziyyət yaxşıdır.

Ab-hava yüksəkdir. Sentyabrın ortalarında Belarusda keçiriləcək Oleq Karavaevin xatirə turnirində çatışmazlıqları aşkara çıxaracağıq. Daha sonra həmin çatışmazlıqlar üzərində işləyəcəyik. Dünya çempionatına yaxşı hazırlaşıb, Azərbaycanı ən yaxşı şəkildə təmsil edəcəyik. Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün lazım olan şəraiti yaradıb”.

Mütəxəssis güləşçilərimizdən yalnız birinin zədəli olduğunu dedi: “Hazırda yığma üzvlərindən yalnız Rəsul Çunayev aramızda deyil. O, indi Türkiyənin Antalya şəhərində bərpa prosesi keçir. Dünya çempionatına kimi sıralarımıza dönəcəyi gözlənilir”.

Həmin kateqoriyadan