Sabirə Abdullayeva: Müsəlman ölkələri də tennisdə güclü rəqabət aparmağa qadirdir

“Tennis nüfuzlu və vəsait tələb edən idman növlərindən biridir. Əsasən Qərb ölkələrində məşhurdur. Amma İslam həmrəyliyi oyunları müsəlman ölkələrinin də tennisdə güclü rəqabət aparmağa qadir olduğunu nümayiş etdirəcək”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Bakı-2017-nin tennis üzrə menecer köməkçisi Sabirə Abdullayeva deyib. Martda Azərbaycan millisinin Bakı Tennis Akademiyasında təlim-məşq toplanışına başlayacağını bildirən mütəxəssis bunu əlavə edib:

“Hazırda idmançılarımız turnirlərdə iştirak edirlər. Bu da atletlərimizin Oyunlara hazırlığını təmin edəcək. IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 6 kişi və 4 qadın tennisçi təmsil edəcək. Adətən hər komandada 4 tennisçi olur. Amma Azərbaycan Bakı -2017-yə ev sahibliyi etdiyinə görə, kişilərdən ibarət komandaya 2 idmançı əlavə etməyə imkan verilib. İdmançılarımız güclüdür və biz qələbəyə ümid edirik”.

Qeyd edək ki, 4-cü İslam həmrəyliyi oyunlarının tennis yarışında 14 medal dəsti uğrunda mübarizə aparılacaq.